Azərbaycanda hospital və tibb müəssisəsində qanunsuzluqlar aşkarlandı: Rəhbərliklər cəzalandırıldı – RƏSMİ

0
418

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Nərimanov və Neftçala rayon prokurorluqları ilə birlikdə apardığı araşdırmalar nəticəsində paytaxtın Nərimanov rayonunda yerləşən  “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının və Neftçala rayonunda yerləşən “ES studio” özəl tibb mərkəzinin qanunsuz fəaliyyəti nəticəsində vətəndaşların hüquqlarına və sağlamlıqlarına xələl vurulması faktları aşkar edilib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, aparılmış araşdırma nəticəsində həmin müəssisələr və onların vəzifəli şəxsləri barədə inzibati xəta haqqında icraatlar başlanılaraq, baxılması üçün aidiyyəti üzrə məhkəmə və səlahiyyətli qurumlara göndərilib.

Onlar Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə” və “lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma” inzibati xətalarına görə məsuliyyətə cəlb olunaraq, məhkəmənin müvafiq qərarları ilə inzibati qaydada cərimə ediliblər.