Hazırda ölkəmizdə 1667 hemofiliyalı xəstə qeydiyyatdadır. Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına, bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub.
Bu barədə Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.
Gülmirzə Poladov bildirib ki, qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, həmin xəstəliklərə əsasən əmək qabiliyyətli yaşda olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin çox baha olması bu insanlar üçün ağır yük idi. Hazırda 2700-dən çox xəstənin dövlət hesabına dərman preparatları ilə təminatı həyata keçirilir. Beləliklə, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, 10 il öncə bu xəstəlik üzrə Dövlət Proqramı yox idi və cəmi 3 adda dərman preparatı humanitar yardım çərçivəsində yalnız 400-ə yaxın xəstəyə verilirdi.