Prezident İlham Əliyevin bu ilin sentyabrın 3-də imzaladığı sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1986-2002-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması oktyabrın 30-dək davam edəcək.
Yolasalmalar COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə riayət edilməklə həyata keçirilir.
Müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.