Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsi, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq.
Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2023-cü il və sonrakı üç il üçün Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2022-ci il aprelin 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprel ayının 15-dək Nazirlər Kabinetinə təqdim etməlidirlər.
“Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq Maliyyə Nazirliyi 2023-cü ilin və 2026-cı ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi və 2026-cı ilin sonuna hədəflənən dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi barədə təkliflərini, 2023-cü il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri (“təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi”) üzrə OMXÇ sənədinin layihəsini, habelə növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi isə Azərbaycanın növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2022-ci il sentyabrın 1-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına, sentyabrın 15-dək Azərbaycan Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Dövlət Statistika Komitəsi:
– cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2021-ci ilin ilkin statistik məlumatlarını 2022-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir,
– növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilməsini təmin etməlidir.
Maliyyə Nazirliyi:
– 2023-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc, o cümlədən investisiya xərclərinin məbləği və kəsir) ilkin ortamüddətli göstəricilərini 2022-ci il fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş variantını 2022-ci il avqustun 25-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin dəqiqləşdirilmiş məbləğini 2022-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməli;
– büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrinin proqramları (tədbirləri) üzrə fəaliyyət planlarının, habelə baza proqnozlarının və yeni siyasət təşəbbüslərinin hazırlanmasına dair təlimat məktubunu 2022-ci il fevralın 15-dək aidiyyəti təşkilatlara göndərilməsini təmin etməli;
– bu sərəncamın 6.9-cu və 7-ci bəndlərinə uyğun olaraq, 2023-cü il və sonrakı üç il üçün vergilər, rüsumlar, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və digər gəlirlər üzrə proqnoz göstəricilərinin İqtisadiyyat Nazirliyi ilə, gömrük rüsumları, Azərbaycan ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə proqnoz göstəricilərinin Dövlət Gömrük Komitəsi ilə, sosial sığorta ödənişləri üzrə proqnoz göstəricilərinin isə İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 2022-ci il avqustun 15-dək müzakirəsini təmin etməlidir.
– “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsinin layihəsi ilə birlikdə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanan sənədlərin qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Azərbaycan Prezidentinə və Milli Məclisə təqdim edilməsi üçün həmin sənədlərin icmallaşdırılması işləri Maliyyə Nazirliyinə həvalə edilməlidir.
İqtisadiyyat Nazirliyi:
– Maliyyə Nazirliyi tərəfindən 2022-ci il aprelin1-dək İqtisadiyyat Nazirliyinə təqdim edilən dövlət büdcəsi və icmal büdcə ilə əlaqədar məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəricilərini dürüstləşdirərək, 2022-ci il aprelin 8-dək Mərkəzi Bankına təqdim etməlidir;
– 2022-ci il üçün dəqiqləşdirilmiş, 2023-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2023-cü il üçün ilkin proqnozlarını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2022-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir;
– 2023-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir;
– Maliyyə Nazirliyi ilə birlikdə neft-qaz sahəsi üzrə dövlət və hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçı tərəflərin investisiya planları ilə bağlı məlumatların təqdim edilməsinə dair təkliflərini 2022-ci il avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir;
– 2023-cü ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir;
– sosial-iqtisadi proqnoz göstəricilərini və dövlət investisiya proqramının istiqamətlərinin ilkin layihəsini hazırlayıb 2022-ci il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir;
– 2022-ci il iyulun 1-dək ölkənin şəhər və rayonları üzrə vergi uçotuna alınmış, habelə neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri), mərkəzləşdirilmiş qaydada uçota alınan digər vergi ödəyiciləri ilə bağlı 2021-ci il və cari ilin ötən dövrü üçün hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödənilmiş daxilolmalara dair məlumatları Maliyyə Nazirliyinə təqdim etməlidir;
– “Büdcə sistemi haqqında” qanunun 11.8-ci maddəsinə müvafiq olaraq 2023-cü il və sonrakı üç il üçün neft və qeyri-neft sektorü üzrə vergi növlərinin və dövlət rüsumunun əsaslandırılmış proqnoz göstəricilərini 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
– 2023-cü il və sonrakı üç il üçün vergilər, rüsumlar, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və digər gəlirlər üzrə proqnoz göstəricilərinin Maliyyə Nazirliyi ilə müzakirəsinin 2022-ci il avqustun 15-dək başa çatdırılmasını təmin etməlidir.
Müzakirə zamanı proqnoz göstəricilərinə dair razılaşma olmadığı təqdirdə 5 gün müddətində əsaslandırılmış arayışı Maliyyə Nazirliyinə təqdim etməlidir.
Dövlət Gömrük Komitəsi 2023-cü il və sonrakı üç il üçün gömrük rüsumları, Azərbaycan ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə proqnoz göstəricilərinin Maliyyə Nazirliyi ilə müzakirəsinin 2022-ci il avqustun 15-dək başa çatdırılmasını təmin etməlidir.
Müzakirə zamanı proqnoz göstəricilərinə dair razılaşma olmadığı təqdirdə 5 gün müddətində əsaslandırılmış arayışı Maliyyə Nazirliyinə təqdim etməlidir.
Nazirlər Kabinetinin “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiya siyahısı həmin qərarla təsdiq edilmiş iri dövlət şirkətlərinin, İnvestisiya Holdinqi isə onun idarəetməsinə verilmiş dövlət şirkətləri, müəssisələr və dövlətin payı olan təsərrüfat cəmiyyətlərinin 2023-cü il və sonrakı üç il üçün gəlir və xərcləri, eləcə də dövlət büdcəsinə ödəniləcək dividendlər üzrə proqnoz məlumatlarını 2022-ci il avqustun 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Azərbaycanın aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər;
– Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2023-2026-cı illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər;
– vergi və gömrük sahəsində güzəştlərə dair təkliflərini və onların qiymətləndirilməsi üçün zəruri məlumatları Nazirlər Kabinetinin “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2020-ci il 8 fevral tarixli38 nömrəli və “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 3 noyabr tarixli 436 nömrəli qərarlarına uyğun olaraq Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi vasitəsilə Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
– Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarələrin, təşkilatların və dövlət müəssisələrinin rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini hazırlamaq məqsədilə 2022-ci il fevralın 5-dək və iyulun 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar:
– dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar və müddətli əmək müqaviləsi ilə işə götürülən işçilər (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər;
– 2023-cü il və sonrakı üç il üçün büdcə layihələrini və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə tutumu barədə məlumatları Maliyyə Nazirliyinin müəyyən etdiyi formalara uyğun olaraq 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq olaraq büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə sektor strateji planlarını hazırlayıb 2022-ci il martın 1-dək Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
Mərkəzi Bankına aşağıdakılar tövsiyə edilib:
– monetar sektor və tədiyə balansı üzrə ətraflı statistik məlumatları 2022-ci il fevral ayının 5-dək İqtisadiyyat Nazirliyinə təqdim etməli;
– İqtisadiyyat Nazirliyinin hazırladığı tədiyə balansının proqnozuna dair rəyini 2022-ci il aprel ayının 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu, Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2022-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun, Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının, Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondunun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihəsinin ilkin variantını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyi ilə razılaşdıraraq, İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatlarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və bələdiyyələrə tövsiyə edilib ki:
– İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2023-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etsinlər;
– büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə 2023-cü il və sonrakı üç il üçün bütün mövcud və davam etməkdə olan layihələr üzrə baza proqnozlarını və yeni siyasət təşəbbüsləri ilə bağlı sifarişlərini, eləcə də fəaliyyət planlarını Maliyyə Nazirliyinin bu sərəncamın 4.2-ci yarımbəndində göstərilən təlimat məktubuna uyğun olaraq 2022-ci il martın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər;
– davam edən layihələrin əsaslı xərclərinə dair məlumatları, həmçinin yüksək prioritetli yeni investisiya təklifləri üçün tələb olunan xərclərin təhlilinə dair məlumatları 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
2023-cü il və sonrakı üç ilin büdcə layihəsi hazırlanarkən Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın tələblərinə əməl etsinlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2022-ci il iyulun 1-dək:
– aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Maliyyə Nazirliyinə vəİqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
– dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim etsinlər.
– Energetika Nazirliyi və İqtisadiyyat Nazirliyi 2023-cü il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb 2022-ci il iyunun 1-dək Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim etsinlər.
Nazirliklər, komitələr, idarələr və digər büdcə təşkilatları, şəhər və rayon icra hakimiyyəti orqanları, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsini təmin edən publik hüquqi şəxslər və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.12-ci maddəsinə müvafiq olaraq 2023-cü il üçün büdcə xərcləri üzrə (büdcədənkənar vəsaitlər üzrə xərclər də daxil olmaqla) layihələrini Maliyyə Nazirliyi ilə razılaşdıraraq nəticələrini 2022-ci il avqustun 15-dək protokolla rəsmiləşdirməlidirlər.
“Büdcə sistemi haqqında” qanunun 11.13-cü maddəsinə müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, dövlət büdcəsindən maliyyələşdirilən büdcə təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslər, bələdiyyələr, büdcə və büdcədənkənar dövlət fondları ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsi və icmal büdcənin layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, eləcə də büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən xərclər çərçivəsinin hazırlanması üçün Maliyyə Nazirliyi tərəfindən tələb olunan, habelə növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması üçün İqtisadiyyat Nazirliyi tərəfindən
tələb olunan əlavə əsaslandırıcı materialların və hesablamaların təqdim edilməsini təmin etməlidirlər.
Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar, nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan digər təşkilatlar, Naxçıvanın Nazirlər Kabineti növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən bu Sərəncamdan, eləcə də “Büdcə sistemi haqqında” qanundan və Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn digər vəzifələri keyfiyyətlə və müəyyən olunmuş icra müddətlərində yerinə yetirilməsini təmin etməlidirlər.