Azərbaycanda dollarla yığım edənlər 40 faiz zərər edib

0
386

Bankların devalvasiyadan sonra manatla olan əmanətlərə dollarla qoyulan əmanətlərə nisbətən yüksək faiz verməsi və dollar/manat kursunun 2016-cı ildən sonra sabit qalması banklarda dollarla yığım edənləri 40 faiz gəlirdən məhrum edib.
Devalvasiyaya qədər banklar dollar və manat əmanətlərini eyni faiz dərəcəsi ilə cəlb edirdi. Hər iki valyutada olan əmanətləri 10-12 faizlə banklara qoymaq olurdu. Lakin devalvasiyadan sonra manatla yığımları təşviq etmək üçün sığortalanan əmanətlər üzrə maksimum faiz dərəcəsi manatda 15 faizə qaldırıldı, xarici valyutada 3 faizə salındı. 
Buna uyğun olaraq banklar da manatla əmanətlərə dollarla olan əmanətlərlə müqayisədə ən azı 5 dəfə yüksək faiz təklif etməyə başladılar. 
2016-cı ildən sonra məzənnənin sabit qalması fonunda dollarla yığım etmək əlavə gəlirlərin “əldən çıxması”na səbəb oldu. Ötən dövrün təhlili göstərir ki, dollarla yığım edənlər sabit məzənnə səbəbindən 40 faiz gəlirdən məhrum olublar. 
Xatırladaq ki, devalvasiyaya qədər manatın dollara nəzərən möhkəmlənməsi də manatla yığım edənlərə qazanc gətirmişdi. Amma həmin dövrdə qazanc indiki qədər böyük deyildi, cəmi 21 faiz idi, eyni zamanda bu qədər qazancın əldə edilməsi üçün 10 ildən çox vaxt lazım gəlmişdi. Devalvasiyadan sonra isə cəmi 4 il ərzində manatla yığım edənlər təxminən 40 faiz çox gəlir əldə edib. Ötən dövr ərzində banklar xarici valyutada olan əmanətlərə orta hesabla 2 faizlə, manatla olan əmanətlərə 10 faizlə gəlir gətirib. Bu dövrdə 100 min manat dəyərində olan pulu dollarla banklarda saxladıqda, təkrar gəlirlə birgə əmanətin dəyəri 108 min manat olduğu halda, milli valyutada saxladıqda 146 min manat olub. Müqayisədən görünür ki, milli valyutada yığım 38 min manat və ya əsas vəsaitə nisbətdə 38 faiz çox gəlir gətirib. 
Dollar/manat kursunun sabit qalması və dollarla olan əmanətlərə aşağı faizlərin təklif edilməsi manatla yığımları stimullaşdırır. Bunun nəticəsidir ki, 2015-ci ildən sonra əmanətlərin 85 faizi dollarla saxlandığı halda, 2021-ci ilin mayın 1-nə olan məlumata əsasən, 48,7 faizi dollarla saxlanılıb.