Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı nə qədər artıb? – RƏSMİ + FOTO

0
309

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 % artaraq 247 308 olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, bunun 53 738-i ilkin, 193 570-i isə təkrar qeydiyyatdır.

10 ay ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 39 836-sı fərdi yaşayış və bağ evi, 75 224-ü mənzil, 122 073-ü torpaq sahəsi, 2 877-si qeyri-yaşayış binası, 6 631-i qeyri-yaşayış sahəsi, 630-u əmlak kompleksi, 37-si isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 85 092-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Bu dövrdə 13 281 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 15,1 % artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin 10 ayı ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 21,6 % artaraq 13 088, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 41 % artaraq 3 158 olub.

Yanvar-oktyabrda 193 028 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 % artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 54,8 % artaraq 42 029 olub.