Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu – RƏSMİ

0
504

“COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə kanalın əməkdaşları planlı şəkildə tanınmış klinikaların birində koronavirusa dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında səkkiz nəfərdə testin cavabı pozitiv olub”.

Bu barədə CBC TV-nin açıqlamasında bildirilib.

Məlumatda qeyd edilib ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər:

“CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq. Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.

Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVID-19 testi verməsi planlaşdırılıb”.