Azərbaycanda regionlardan birində daha bir erkən nikaha cəhd qeydə alınıb.
bu barədə Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb:
“Bu dəfə, deyilənə görə, keçirilməsinə “xeyir-dua”nı polis verib. Düzü, buna inanmıram. Amma hər ehtimala qarşı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləyək”.
Əldə etdiyimiz məlumata görə, iyunun 8-də baş tutacaq toy Sabirabad rayonu Qəzli kəndində olacaq. Bu artıq həmin kənddə ikinci erkən cəhddir.
K.Ağazadə Oxu.Az-a açıqlamasında məkanı təsdiq etməsə də, ehtimal verdiyini deyir:
“Əgər, doğrudan da, söhbətin eyni rayon və kənddən getdiyi təsdiqlənərsə, həmin rayonda aidiyyəti üzrə icra hakimiyyətində yaradılan komissiyanın üzvləri tam heyəti ilə dəyişdirilməlidir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, araşdırma aparılır.