Azərbaycanda xəstə kişinin oğlu tərəfindən öldürülməsi ilə bağlı Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, 10 dekabr 2021-ci il tarixində Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
Dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
09:38
Gəncə şəhərində itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, dekabrın 10-da Gəncə şəhər sakini Məmmədov Məhəmməd Azad oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək, atası, ruhi əsəb xəstəsi, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi barədə məlumat verib.
Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşların apardığı birgə əməliyyat tədbirləri nəticəsində itkin düşən şəxsin cəsədi yaşadığı evin həyətində tapılıb.
Davam etdirilən istintaq əməliyyat tədbirləri nəticəsində A.Məmmədovun oğlu – 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tərəfindən boğularaq öldürüldüyü və evin həyətində basdırılması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.