Azərbaycanda dəhşət: Uşaqları tədricən zəhərləyirlər – Görün bunu kimlərin əli ilə edirlər

0
122

Marketlərdə uşaqlar üçün nəzərdə tutulan “abur cubur” adlandırdığımız məhsulların zərərləri saymaqla bitmir. Tərkibində yüksək şəkər, duz, rəngləndirici, dadlandırıcı və sair maddələr olan bu qidalar uşaqların orqanizminə ciddi zərər vurur. Hətta bu məhsulların çoxunun üzərində zərərli olduğu belə qeyd olunur. Buna baxmayaraq bu cür məhsullar nə marketlərin rəfindən yığışdırılır, nə də valideynlər belə zərərli məhsulları almaqdan çəkinirlər. Hər gün yüzlərlə valideyn bilərək və ya bilməyərəkdən belə zəhərli məhsulları alaraq övladını zəhərləmiş olur.

Maraqlıdır, üzərinə zərərli olduğu yazıldığı halda belə məhsullar marketlərdə niyə satılır, onların istehsalına niyə icazə verilir? Biznesi başqa sahədə qurmaq olmaz? Uşaqları zəhərləyən biznes cəmiyyətə, dövlətə nə xeyir verir? Buna görə məsuliyyəti kimlər daşıyır?

Bu məhsullardan davamlı istifadə edən uşaqlarda hansı sağlıq problemi yarana bilər? Uşaqları belə zərərli məhsullardan necə uzaq tutaq?

Bütün bu suallara cavab tapmaq üçün ekspertlərin fikirlərini öyrənib.

Saytımıza açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, insanın sağlam qalması, sağlam yaşaması onun özündən başqa heç kimə lazım deyil, yəni heç kimi maraqlandırmır:

“Bütün dünyada, bütün zamanlarda istehlakçı diletantdır, bilgisizdir. Bizə məlumdur ki, istehlakçı hüquqlarının qorunması hərəkatı dünyada 1962-ci ildə vüsət tapıb. Lakin biznesin iki min ildən çox yaşı var. Və istehlakçının beynəlxalq hüquqlarından biri onun təhsil alma hüquqdur. İlk baxışda qəribə görünür, yəni istehlakçıya kim deyə bilər ki, təhsil alma? Ancaq istehlakçının bilikli olması, gözüaçıq olmasının qarşısını alan güclü qüvvələr var. Onlar biznes qüvvələridir. Marketinq elmi dərin bir elimdir. Hər yerdə, bütün iqtisadi yerlərdə tədris olunur. Yəni buna “istehlakçını necə aldatmaq olar?” – elmi demək daha yaxşı olardı.

Heç görün dünyada istehlakçı hüquqlarını qoruyan bir elm varmı? Belə bir güclü təşəbbüs varmı?

Bütün dünyada, xüsusən dünyanın qloballaşması mövqeyində bazar da qloballaşıb. Sanki bütün dünya bazarları bir-birinə bənzəyir. Belə bir fonda bütün siyasi hakimiyyətlərin məqsədi büdcəni doldurmaq, biznesi inkişaf etdirmək, insanları iş yeri ilə təmin edib, siyasi ixtişaşlardan uzaq tutmaqdır.

İnsanın sağlam olması onun təkcə özünə lazımdır. Nə həkimə lazım deyil, nə də başqa heç kəsə. Bu cür yanaşmada biz görürük ki, əsas məsələ pul qazanmaqdır. Sadəcə olaraq istehlakçı hüquqlarını qoruyan cürbəcür təşkilatlar təzyiq edir istehsalçılara ki, malların üzərində onu tərkibi barədə məlumat yazsın. Lakin hər şey də göründüyündən çox-çox mürəkkəbdir. Hələ o yazılanlar azdır, çoxlu arzuolunmaz qatqılar olur ki, onlar gizlədilir. Belə bir vəziyyətdə, azad bazar şəraitində kim nə istəyir onu da edir. O cümlədən Azərbaycanın da bazarı bunun tərkib hissəsidir. Ona görə də, bura da belə mallar gətirilir. Və əsas məsələ istehlakçının pul qazanmaq məsələsidir. Qida Təhlükəsizliyi Agentliyi malların təhlükəsizliyini təmin edir, yəni yediyin yerdə ölməzsən, lakin tədricən zəhərlənmə, keyfiyyət məsələsi masanın üstündə qalır. Onunla heç kim məşğul olmur. Heç kimə təəccüblü gəlməsin ki, bazarda bu cürə mallar var ki, üzərində zərərli maddələr olduğu yazılıb, ancaq istehsal olunur. Burada qeyri-adi heç nə yoxdur. Bu, dünyada bazar iqtisadiyyatının, mənfur kapitalizmin nəticəsidir”.

Ekspert bildirdi ki, mallarda arzuolunmaz maddələr bir həddə qədər təhlükəli olmur:

“İstənilən malın sertifikatı var, istənilən malın tərkibinə qarışdırılan o arzuolunmaz maddələrin müəyyən həddi var. O, xüsusi QOST-larnan tənzimlənir. O həddə qədər mal təhlükəli olmur. Lakin heç bir sənəddə görə bilmərik ki, ondan biz nə qədər istehlak etsək, artıq zəhərlənmə həddinə gəlib çatar. Ona görə də müəyyən QOST-a uyğun istehsal olunan mala sertifikatlar verilir və bütün dünyada bu yaşanır, yəni hər şey bazar üçündür. Bir ölkədən digər ölkələrə, uzaq məsafəyə malları aparmaq üçün. Onlara arzuolunmaz maddələr qarışdırılır, dadvericilər, qoxuvericilər, stabilizatorlar və s. Və bazar iqtisadiyyatının tələblərindən irəli gələn bir amildir ki, belə mallar bütün dünyada, o cümlədən Azərbaycanda satılır. Onu yığışdırmazlar. Hamı bilir ki, siqaret zərərlidir, hamı bilir və bütün dünya da təsdiq edir. Bəs nə üçün satılır? Hamı bilir ki, tapança ov üçün deyil. Adam öldürmək üçündür. Nə üçün kapitalist ölkələrində geniş şəbəkədə satılır? Çoxlu belə suallar var. Yəni dövlətlərə büdcəsində pul lazımdır, iş yerləri lazımdır və s. Yəni bu kimi məsələlər insan sağlamlığı məsələlərini üstələyir. Bir çox qurumların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının İSO standartlarının çağırışları heç də səmimi deyil. Əgər biz elə təşkilatların sponsorlarını axtarsaq, görəcəyik ki, onların sponsorları ümumdünya ticarət təşkilatıdır.”

Məsələyə münasibət bildirən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, bu cür məhsulların istehsalında bir çox zərərli maddələrdən istifadə olunur:

“Bir çox paketlənmış qidalarda, xüsusilə də “çipsi”lərdə, “suxarik”lərdə, eləcə də şirniyyat növlərində, “abur cubur” dediyimiz qidaların əksəriyyətinin tərkibində məhsulun ömrünü uzatmaq üçün, gec xarab olması üçün bir çox qatqı maddələrində istifadə olunur. Eyni ilə də həmin məhsulların içində dadlandırıcı olaraq, asılılıq yaratmaq üçün başqa kimyəvi maddələrdən də istifadə olunur. Bu maddələr birbaşa olaraq inkişafda olan orqanizmə mənfi təsir göstərir.

Əksəriyyətində bunların tərkibi tam şəkildə etiket məlumatlarında göstərilsə də, bir çoxlarında isə demək olar ki, kimyəvi adlarla və yaxud da yan təsirləri ilə bağlı heç bir məlumat verilmir. Bu qidaları davamlı olaraq qəbul edən insanlarda, xüsusilə də uşaqlarda aqressiya, gərginlik, eyni zamanda əqli cəhətdən inkişafdan geri qalma və yaddaşsızlıq kimi problemlər yaranır. Xüsusilə də bu kimyəvi maddələr sümük əriməsinə də səbəb olduğuna görə onların skelet quruluşunun, eyni zamanda da orqanizmin inkişafında da bir çox problemlərə gətirib çıxarır. Bir çox hallarda bu kimi məhsulların tərkibində istifadə olunan monosodium qlutomat maddəsinin sintetik tərkiblisindən istifadə olunur. Buna da el arasında “Çin duzu” deyilir. Bu da birbaşa olaraq ağızda ənənəvi dad ressorlarının pozulmasına və yeni bir dadın yaranmasına səbəb olur ki, nəticədə ənənəvi qidalardan zövq almama və xüsusilə də davamlı olaraq bu cürə qidalarla qidalanmaq istəyi yaranır.

Belə qidaları davamlı olaraq qəbul etdikdə insanlarda bəzən iştahasızlıq, bəzən də həddindən artıq qida qəbul etmək istəyi yaranır.

Mütəxəssisin sözlərinə görə, həmin qidaların tərkibində həddindən artıq çox sintetik şəkərin, trans yağların olması, duzdan həddindən artıq çox istifadə olunması bir çox problemlərin yaranmasına səbəb olur:

“Xüsusilə duzun çox olması, maye duz balansının pozulmasına gətirib çıxarır. Həddindən artıq şəkərin olması asılılıq yaratmaqla yanaşı orqanizmə artıq kalorinin qəbul olmasından obezite piylənməyə və qanda şəkər səviyyəsinin pozulmasına səbəb olur. Trans yağlar ürək damar xəstəlikləri yaradır.

Ona görə də, bu kimi qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Bu gün azad bazar iqtisadiyyatının inkişafına dəstək üçün istehsalçılara şərait yaradılsa da, heç də hər bir istehsalçı istehlakçıların sağlamlığını düşünərək məhsul istehsal etmir. Bu cür məhsulların zərərli olduğu göstərilsə belə, satışda hər birimizin qarşısına çıxır. Ona görə uşaqların sağlamlığını qorumaq üçün bu kimi məhsullardan birmənalı şəkildə uzaq durmaq lazımdır”.

Qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, isə uşaqlar üçün zərərli olan qidaların, qazlı içkilərin və yaxud qazlı rəngli içkilərin, tərkibində süni dadlandırıcı, süni rəngləndirici olan məhsulların üzərinə zərərli olduğu yazılmır:

“Bu qidaların tərkibinə hansısa qatqı maddəsindən müəyyən qədər istifadə olunmasına icazə verilir. Ona görə də, onun üzərinə “zərərlidir” yazıla bilməz. Amma burada əsas yük valideynin üzərinə düşür. Valideynlər maariflənməlidirlər ki, uşaqlarını bu “abur cubur”larla deyil, sağlam qidalarla qidalandırsınlar. Yəni ananın özü evə rəngli qazlı su alıb qoyursa, “cipsi” yeyə-yeyə seriala baxırsa, artıq bu fəlakətdir. Burada uşaqların sağlamlığından danışmağa dəyməz. Ancaq ana da var ki, uşağının qarşısına gül kələmi qoyur, tərəvəz püresi qoyur, lifli qidalar qoyur, çərəzlər qoyur. Bundan əlavə uşaqları sağlamlığına müsbət təsir göstərən yumurta, ət, balıq, toyuqdan hazırlamış şorbalar, mövsümü meyvədən hazırlamış şirələr və yaxud mövsümü meyvə-tərəvəz salatları ilə qidalandırmaq lazımdır. Eyni zamanda da 11 yaşına qədər uşaqlar pediatr məsləhəti ilə qidalansa, daha məqsədəuyğundur. Onların öz həkimləri olmalıdır və onun məsləhəti ilə qidalanmalıdır. “Abur cubur”lara gəlincə, indi 4-cü sənaye əsridir və bu da kapitalizmə gəlib düşüb. Yəni biz heç kimə qadağan edə bilmərik ki, “cipsi” satma, deyəcək ki, satıram, yaxşı edirəm, alma. Buradan belə nəticə çıxır ki, insanlar özü maariflənməlidir ki, nə yeyək, nə yeməyək. Hər kəs menyusunu özü müəyyən etməlidir. Hazırda AQTA bu barədə maarifləndirici video hazırlayıb. “Şəkəri azalt, ömrünü uzat” şüarı altında. Çox maarifləndirici bir video rolikdir”.

Mütəxəssisin sözlərinə görə, uşaqların düzgün qidalanması, ərköyünlüyü, “mən bunu yemirəm, bunu yeyirəm” deməsi ailədən asılıdır:

“Ümumiyyətlə, ailələr uşaqlarını Azərbaycan mətbəxinə yönləndirə bilsələr, daha yaxşı olar. Uşaqlara marketlərdə satılan rəngbərəng şəkərli məhsulları yedizdirməkdənsə, karbohidratları yedizdirməkdənsə, onlara əqli inkişafı, düşünməsinə dəstək olmaq, metabolizmasını sürətləndirmək, xoşbəxtlik hormonlarını inkişaf etdirmək, rahat yuxu bəxş etmək üçün mütləq şəkildə sağlam qidalar vermək lazımdır. Trans yağlarla yox, kərə yağı ilə hazırlanmış yeməklər vermək lazımdır. Ona görə də, düşünürəm ki, valideyn uşağı tərbiyə edəndə, qida tərbiyəsini də öndə tutmalıdır”.