Azərbaycanda cinayətlərin sayı azaldı – Rəsmi

0
864

2020-ci ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlili aparılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13310 (2019-cu ilin müvafiq dövrü ilə müqayisədə – 224 və ya – 1,7%) cinayət qeydə alınmışdır. Onların 94,7 %-i və ya 12602-si daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub.

Bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən (3519) və az ağır (7465), yalnız 12,8%-ni (1618) ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Qeydə alınmış cinayətlərin strukturunda 2621-i (ötən ilin 1-ci yarısı ilə müqayisədə 54 və ya 2% az) şəxsiyyət əleyhinə, 5016-sı (-244; -4,6%) iqtisadi sahədə törədilən, onlardan 4851-i (-243; -4,8%) mülkiyyət əleyhinə, 4528-i (+509; +12,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 434-ü (-22; -4,8%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Cinayətlərin açılması yaxşılaşaraq 83,2 faiz təşkil edib.

O cümlədən ağır və xüsusilə ağır cinayətlərin (+4,3%), quldurluqların (+11,4%), xuliqanlıqların (+2,8%) və narkotik vasitələrlə bağlı cinayətlərin (+2,3%) açılması yaxşılaşmışdır. Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla 88,9 faizə (+8,4%) yüksəlib.

Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 6% (-5), adam öldürməyə cəhdlər 16,3% (-7), mülkiyyət əleyhinə cinayətlərdən mənzil və şəxsi evlərdən oğurluqlar 6,8% (-86), dələduzluqlar 25% (-276), mənimsəmə və ya israf etmələr 48,7% (-37), qaçaqmalçılıq 6,5% (-6), xuliqanlıqlar 27% (-93), ekolojı cinayətlər 18,6% (-24) fakt azalıb.

Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlərin sayında 21,5% (478-375) azalma müşahidə olunur.