Üç gün öncə bütün ölkəyə səs salan cinayət hadisəsi baş verib. Belə ki, bir nəfər silahlı şəxs üç polis əməkdaşı və bir mülki şəxsi güllələyərək qətlə yetirib. Azərbaycan reallığında belə bir hadisəyə nadir rast gəlinir.
Sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumatda dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyevin polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərməsi, onları amansızlıqla qətlə yetirməsi və bundan sonra onun özünün əməliyyat zamanı zərərsizləşdirilməsi yer alıb.
Lakin sosial şəbəkə istifadəçiləri bu hadisələrlə bağlı reallığı əks etdirməyən, həqiqətə uyğun olmayan fikirlər səsləndirib, məlumatlar tirajlayıblar. Onların əsas məqsədi qaraguruh yaratmaqla reallığı əks etdirməyən fikirlərlə polisin nüfuzuna xələl gətirmək, işlərinə kölgə salmaqdır.
Oxu.Az sözügedən hadisə və hadisəni törədən şəxslə bağlı məlumatlar əldə edib.
Belə ki, Allahverdiyev Rövşən Oqtay oğlu çoxsaylı vətəndaşı aldadaraq onlara məxsus torpaq sahələrinin özəlləşdirilməsinə, onların müxtəlif orqanlarda işə düzəlməsinə köməklik edəcəyi adı ilə külli miqdarda pullarını mənimsədiyindən 2023-cü ilin mart ayında ölkə hüdudlarını Türkiyə istiqamətində tərk etməyə cəhd göstərərkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Rövşən Allahverdiyevin vətəndaş Məmmədov Rasim Hidayət oğluna məxsus torpaq sahəsini özəlləşdirmək adı ilə sonuncunun 320.000 manatını ələ keçirməsi faktı üzrə DİN-in istintaq qurumlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq Rövşən Allahverdiyev 30.03.2023-cü il tarixdə CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilib.
Eyni zamanda Rövşən Allahverdiyevin torpaq sahəsini özəlləşdirmək adı ilə digər vətəndaş Abdullayev Eynulla Adil oğlunun 139.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə 25.03.2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi Rövşən Allahverdiyevin barəsində istintaq edilən digər cinayət işi ilə bir icraatda birləşdirilib.
İstintaq prosesində 29.08.2023-cü il tarixdə Rövşən Allahverdiyevin barəsində seçilmiş “həbs” qətimkan tədbiri müdafiə tərəfinin vəsatəti ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməklə həmin şəxs həbsdən azad edilib.
Bundan əlavə, Rövşən Allahverdiyevin vətəndaş Hacıyev Nicat Namiq oğlunu Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə aldadaraq 20.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı 28.06.2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq zamanı onun digər vətəndaş Dadaşov Abbas Eldar oğlunu da aldadaraq torpaq sahəsini özəlləşdirmək adı ilə 1.141.500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edildiyindən əməli CM-in178.4-cü maddəsinə tövsif edilib, 09.09.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilib.
15.09.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Rövşən Allahverdiyevin barəsində Səbail Rayon Məhkəməsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək sonuncu təkrarən həbsdən azad olunub.
Qeyd olunan faktlarla bağlı DİN-in istintaq qurumlarında aparılan cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Rövşən Allahverdiyev istintaq orqanından gizləndiyinə görə 30.10.2023-cü il tarixdə barəsində axtarış elan edilib.
Hadisənin təfərrüatlarına gəlincə, əldə etdiyimiz digər məlumata görə 8 aya yaxın istintaq orqanlarından gizlənən Rövşən Allahverdiyevin 24 iyun 2024-cü il tarixə keçən gecə yaşadığı ünvana gələcəyi barədə məlumat almış əməliyyat xidmətinin əməkdaşı dərhal bu barədə aidiyyəti üzrə məruzə edib, həmin ünvana əlavə qüvvələr, eləcə də ərazidə xidmət aparan post-patrul naryadları göndərilmiş, ilk gələn post-patrul əməkdaşı ilə əməliyyat xidmətinin əməkdaşı Rövşən Allahverdiyevi yaşadığı ünvanın qarşısında saxlayıblar.
Bundan sonra Rövşən Allahverdiyev 8 aya yaxın azyaşlı övladlarını görmədiyini bildirib sonuncu dəfə onlarla vidalaşmasına icazə verilməsini anası ilə birlikdə israrla xahiş etdiyindən polis əməkdaşları humanizm göstərərək onun qolundan qandalı açıb yaşadığı mənzilə daxil olmasına şərait yaradıblar.
Rövşən Allahverdiyev evə daxil olduqdan sonra “Kalaşnikov” döyüş avtomatının bazası üzərində hazırlanmış, bir neçə hədəfi qısa müddətə məhv etmək imkanına malik “Lancaster” markalı ov silahı ilə ailə üzvləri – anası, həyat yoldaşı, uşaqları ilə bayıra çıxaraq onların arxasından qəfil atəş açmaqla polis əməkdaşlarını qətlə yetirmiş, eləcə də yaranmış səs-küyü eşidib həmin ünvana gələn, yaxınlıqda yaşayan, Piriyev Səfər Pirvəli oğlunun da polis əməkdaşı olmasını zənn edərək onu da qətlə yetirib.
Bundan sonra, hadisə yerinə gələn əməliyyat qrupu təslim olması barədə Rövşən Allahverdiyevi dəfələrlə xəbərdar etsələr də, sonuncu buna məhəl qoymayaraq müqavimət göstərdiyindən odlu silahdan istifadə edilməklə zərərsizləşdirilib.