Azərbaycanda benzinə alternativ yaranır – 200 milyonluq qənaət

0
781

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanda avtomobillərin gələcəkdə təbii qaza (CNG) keçməsinin üstünlükləri ilə bağlı araşdırma aparıb. 

Azərbaycanın qaz ölkəsi kimi yaşı çox olsa da, qazdan nəqliyyatda istifadə təcrübəsi bu onilliyin ortasına təsadüf edir…

Yəqin çoxlarının yadındadır. Azərbaycan 2015-ci ildə dünyada ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşırdı. Hökumət çalışırdı ki, Bakıda keçiriləcək bu beynəlxalq tədbir təkcə masştabına və təşkilatçılığına görə tamaşaçıların yaddaşında iz buraxmasın, həm də idman arenalarına tamaşaçıları ən müasir nəqliyyat vasitələri ilə daşımaqla onları sevindirə bilsin. Beləliklə, o zaman ilk dəfə Azərbaycan vətəndaşları kondisioner quraşdırılmış ictimai nəqliyyatdan istifadə etdilər.

Ancaq bir vacib yenilik də vardı o zaman. Bu da Fransadan gətirilmiş “İVECO” markalı avtobusların dizellə yox, təbii qazla işləməsi idi. Özü də bir çoxlarının Sovet dönəmindən adət etdikləri “balon qazı” (LPG) ilə deyil, təbii qazəla (Compressed Natural Gas, “CNG”) işləməsi. Azərbaycan rəhbərliyinin bu seçimi təkcə EKOLOJİ məsələlərlə məhdudlaşmırdı, həm də kommersiya baxımından yüz dəfə ölçülüb-biçilmiş hesablamalardan qaynaqlanırdı.

Bakı kimi əhalisi sıx olan bir şəhərdə ekologiyanın yaxşılaşdırılması son 10 ildə hökumətin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Və bu yöndə atılan addımlar bunun bariz nümunəsidir. Ona görə də artıq ciddi şəkildə paytaxtda havanın çirkləndirilməsinin qarşısını almaq yönümündə ilk addımı atmaq zamanı gəlib çatmışdı.

Azərbaycandakı avtomobillərin sayı və ekoloji faktorlar

Rəsmi statistikaya əsasən, 2019-cu il 1 yanvar tarixinə Azərbaycan Respublikasında 1 milyon 370 min 574 ədəd nəqliyyat vasitəsi qeydə alınıb. Bunun:

• 1 milyon 170 min 672 ədədi minik avtomobilləri

• 147 min 343 ədədi yük avtomobilləri

• 30 min 704 ədədi isə avtobuslardır.

Yerdə qalanlar isə motosikletlər və xüsusi hərəkət edən texniki vasitələr olub.

Yük avtomobilləri parkının 86%-nin yaşı 10 ildən yuxarı olan avtomobillərdir ki, bunlar da yanacaq kimi dizel işlədirlər. Ölkədəki avtobusların 80%-I istismarda 10 ildən yuxarı müddətdə istismar edilirlər və onların ümumi sayı 24 min 620 ədəddir, dizel mühərriklidirlər. Yaşı 5 ilə qədər olan avtobusların sayı 1660 ədəd təşkil edib ki, bu da avtobus parkının 5%-I deməkdir.

Azərbaycandakı minik avtomobillərinin təqribən 90%–ə yaxını benzin mühərrikli avtomobillərdir. Minik avtomobillərinin 77%-i və ya 896 min 307 ədədi istismarda 10 ildən yuxarı olan nəqliyyat vasitələridir. Yəni Azərbaycan yollarında şütüyən hər 8 avtomobildən biri real olaraq YAŞLI NƏSİL kateqoriyalı avtomobildir. 5-10 il istismar müddətli avtomobillərin sayı 202 min 99 ədəd olub ki, bu da minik avtomobil parkının 17%-ni təşkil edib. Yeni  kateqoriyalı avtomobillər sırasında isə (istismar müddəti 5 ilədək) 72 min 266 ədəd və ya minik avtomobilləri parkının cəmi 6%-ni təşkil edən avto nəqliyyat vasitəsi olub.