“Azərbaycanda 9 iqlim qurşağı yoxdur” – İllərdir səhv bilirdik

0
385

"Azərbaycanda 9 iqlim qurşağı yoxdur" - İllərdir səhv bilirdikBəzi mənbələrdə Azərbaycanda 9 iqlim qurşağının olduğu yazılır. Amma əslində, Azərbaycan ərazisi 3 iqlim qurşağında yerləşir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir.

M.Həsənov qeyd edib ki, Azərbaycandakı 3 iqlim qurşağının daxilində 8 iqlim tipi var. Bunlar yarımsəhra və quru çöl iqlimi, qışı quraq keçən mülayim-isti iqlim, yayı quraq keçən mülayim-isti iqlim, qışı quraq keçən soyuq iqlim, yayı quraq keçən soyuq iqlim, yağıntısı bərabər paylanan mülayim-isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağlıq tundra iqlimidir.

Alim qeyd edib ki, bəzən mövcud iqlim qurşağının sayı ilə yanaşı, iqlim tiplərinin sayı barədə də səhv fikirlər yazılır: “Əslində ölkəmizdəki yarımsəhra və quru çöl iqlim tipi iki yerə (qışı soyuq, yayı isti, quraq keçən yarımsəhra və quru çöl və qışı mülayim, yayı isti, quraq keçən yarımsıhra və quru çöl) bölünür. Onların hər biri ayrıca iqlim tipi kimi qəbul edilir və beləliklə də yanlış olaraq, ölkəmizdə 9 iqlim tipinin olduğunu söyləyirlər”.

Birinci yarımtip Naxçıvan MR-nın Arazboyu maili düzənliklərində, ikinci yarımtip isə Kür-Araz ovalığı, Qobustan, Ceyrançöl, Samur-Dəvəçi ovalığı və s. yerlərdə müşahidə edilir. M.Həsənov qeyd edib ki, iqlim tiplərinin sayı ilə bağlı yaranmış səhv fikir artıq bəzi mənbələrdən qaldırılır.

Alim kurrikulum əsasında hazırlanan yeni dərsliklərdə də iqlim tiplərinin sayının artıq 9 deyil, 8 göstərildiyini açıqlayıb.