Azərbaycanda 5 minə yaxın yoluxma: Karantin sərtləşdirilir?

0
330

Ötən gün ölkədə koronavirusa yoluxma sayı 4943, sağalanlar 1587 və ölüm sayı isə 20 nəfər olub. Virusa yoluxmanın bu qədər sürətlə yayılması insanlarda bəzi sahələrdə qapanmaların ola biləcəyi ehtimalını yaradır. Hətta təhsil müəssisələrinin 2 həftəlik bağlanacağı, tədrisin onlayn davam etdiriləcəyi iddia olunur.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  bildirib ki, qapanmalar yoluxma sayı ilə bağlı deyil.

Onun sözlərinə görə qapanmalar bütün dünyada adətən stasionarda yerlərin sayı ilə bağlı olur:

“Yəni, stasionarda ağır xəstələrin sayı çox olanda, xidmət göstərmək çətinləşir. İndi koronavirusun “Omikron” ştammı geniş yayılsa da, insanlar yüngül keçirir və qısa müddətə sağalırlar. Evlərdə artıq onlara kifayət qədər tibbi xidmət göstərilmə imkanları var”.

M.Quliyev qeyd edib ki, hazırda böyük qapanmalardan söhbət gedə bilməz:

“Amma müəyyən lokal qapanmalar ola bilər. Məsələn, müəyyən iş yerlərində çoxlu sayda insanlar xəstələnibsə, yaxud məktəblərin hansısa birində uşaqlar və müəllimlər arasında virusa yoluxanların sayı artarsa, iş prosesini davam etmək mümkün olmazsa və daha çox yoluxma təhlükəsi yaranarsa, orada distant idarəetmə, işləmək, təhsilə keçmək haqqında qərarlar ola bilər. Amma düşünürəm ki, “Omikron”la bağlı bütün ölkə üzrə tam qapanmalara ehtiyac olmayacaq”.

Deputat vurğulayıb ki, adətən epidemiyanın artımı və azalması 1 ay yarım ərzində davam edir:

“Nəzərə alsaq ki, 20 günə yaxındır ki, “Omikron” Azərbaycanda yayılmağa başlayıb. Hesab edin, yaxın bir həftə-on gündən sonra artıq pik dövrə çatıb, enmə başlayacaq. Bəlkə də elə bu həftənin içərisində ola bilər. Ona görə düşünmürəm ki, ciddi bir qapanmaya ehtiyac olacaq”.

M.Quliyev həmçinin qeyd edib ki, qapanmaların olmaması üçün peyvəndlənməni unutmamalıyıq:

“Buster dozalar qəbul olunmalı, bu istiqamətdə maariflənmə işləri sürətlənməlidir. İnsanlarımız, xüsusən rayonlarda yaşayanlar buna əhəmiyyət vermirlər. Amma bəzi hallarda ağırlaşmalar, xroniki ağciyər və digər xəstəliklər halına keçə bilər. Bunu nəzərə alaraq peyvəndlənmə prosesində iştirak etmələrini məsləhət görürəm”.