Azərbaycanda 300-dək məhkum ömürlük həbs cəzası aldı

0
508

“Hazırda Azərbaycanda 300 nəfərə yaxın ömürlük azadlıqdan məhrum edilən şəxs var”.
Bunu Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev qeyd edib ki, hər il ərzində bir neçə nəfər ömürlük azadlıqdan məhrumetmə cəzası alır:
“Bu cəzaya layiq görülənlər ağır, xüsusilə ağır cinayət törətmiş, dövlətə xəyanət edən, terrorçuluq fəaliyyətilə məşğul olan şəxslərdir. Ömürlük məhkumların sayı bütün cinayət etmiş şəxslərin sayından çox azdır. Ölkədə cəzanın humanistləşdirilməsilə bağlı atılan addımlar da burada təsiredici qüvvəyə malikdir. Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə bu cür cəzaların təyini mümkündür və edilir. Kimsə terrorizmlə məşğuldursa, iki və daha çox şəxsin ölümünə səbəb olubsa, onun da ömürlük azadlıqdan məhrum edilməsi mümkündür”.
Rəsmi statsitikaya görə, Azərbaycanda 1998-ci ildə 9 nəfər, 1999-cu ildə 14 nəfər, 2000-ci ildə 23 nəfər, 2001-ci ildə 19 nəfər, 2002-ci ildə 23 nəfər, 2003-cü ildə 21 nəfər, 2004-cü ildə 20 nəfər, 2005-ci ildə 13 nəfər, 2006-cı ildə 9 nəfər, 2007-ci ildə 18 nəfər, 2009-cu ildə 12 nəfər, 2010-cu ildə 15 nəfər, 2011-ci ildə 4 nəfər, 2012-ci ildə 9 nəfər, 2013-cü ildə 15 nəfər, 2014-cü ildə 13 nəfər, 2015-ci ildə 4 nəfər, 2016-cı ildə 10 nəfər, 2017-ci ildə 5 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2018-ci ildə isə 7 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.
Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə təyin edilmir.
Məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.