Sentyabrın 25-də Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, F.Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi, cəza-icra siyasətinin humanistləşdirilməsi üzrə görülən məqsədyönlü tədbirlərdən danışıb, nazirliklə penitensiar və tibb sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin səmərəli əməkdaşlığını vurğulayıb.
Bildirilib ki, BQXK ilə 20 il əvvəl imzalanmış Sazişin məhkumların hüquqlarının etibarlı təminatına xidmət etdiyi nəzərə alınaraq, dövlətimiz insan hüquqlarına sadiq qalaraq cari ilin mayında müvafiq Protokol imzalanmaqla Sazişin qüvvədə olma müddəti uzadılıb.
Görüşdə həmçinin qeyd olunub ki, BQXK ilə sıx qarşılıqlı fəaliyyətdə məhkumların tibbi və dərman təminatı yaxşılaşdırılıb, penitensiar müəssisələrdə vərəmə qarşı mübarizədə birgə səylər yüksək nəticələr verməklə müsbət təcrübəmiz dünyada örnək olub. Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılması və öyrənilməsi üçün Bakıda Təlim Mərkəzi yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı ona beynəlxalq status verib. Səmərəli fəaliyyət göstərən bu Mərkəzdə son illərdə Avropa və digər qitələrdən 20 dövlətin çoxsaylı nümayəndələri müsbət təcrübəmizdən bəhrələnib və artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.
Qonaqlar BQXK-nın Azərbaycanla ədliyyə sahəsində qarşılıqlı fəaliyyətinin uğurlu nəticələrindən məmnunluğunu ifadə edib, vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsinin dünyada geniş yayıldığını, təcrübi səfərlərin əhəmiyyətini qeyd edib.
Hazırda məhkumlara psixoloji yardımın göstərilməsi ilə bağlı yeni layihənin həyata keçirildiyini bildirən xanım E.Sessera onun da uğurla nəticələnəcəyinə və beynəlxalq maraq doğuracağına ümidvar olduğunu söyləyib.
Söhbət zamanı dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVİD-19 qlobal pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində penitensiar müəssisələrdə görülən zəruri preventiv işlərə toxunulub, BQXK-nın penitensiar və tibb xidmətlərinə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Məhkumların hüquqlarının təmin olunması məqsədilə qısamüddətli görüşlərin təşkili üçün infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı sanitar-epidemioloji tələblərə uyğun otaqların müasir texnologiyalarla təchiz olunmaqla qurulması məmnunluqla qarşılanıb.
Bildirilib ki, ölkə başçısının humanist siyasətinin növbəti təzahürü olaraq yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub, davamlı xarakter daşıyan vaxtından əvvəl cəzadan şərti azad etmə institutun tətbiqi intensivləşib. Qanunvericiliyə edilmiş dəyişikliklərlə cinayət işlərində videokonfransın keçirilməsi bu institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb.
Cari ilin ötən dövründə 2.000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib ki, 80%-ə yaxını karantin rejimi dövrünə təsadüf edir. Pandemiya dövründə həmçinin, 460 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
Eyni zamanda son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.
Ötən dövrdə yeni qanunların təsiri altına düşən penitensiar və probasiya xidmətləri üzrə məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq 2.000-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3.000-dən çox məhkumun isə cəza müddəti azaldılıb. Həmçinin humanistləşdirmə tədbirləri çərçivəsində probasiya xidməti yaradılaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron qolbaqlar tətbiq olunur. Hazırda 3.000-ə yaxın məhkumun elektron qolbaq daşıyır və onlara səmərəli probasiya nəzarəti həyata keçirilir.
Qonaqlar verilən məlumatları maraqla qarşılayaraq penitensiar müəssisələrdə pandemiyanın qarşısının alınması üzrə görülən tədbirləri, xüsusi karantin dövründə məhkumların hüquqlarının təmin olunmasına xidmət edən humanist institutların davamlı tətbiqini, bu məqsədlə müasir İKT-lərin imkanlarından geniş istifadə olunmasını yüksək qiymətləndiriblər.
Komitə nümayəndəliyinin yeni rəhbəri xanım A.Bauer ölkəmizdə olmağından məmnunluğunu ifadə edərək BQXK-nın Azərbaycanla əməkdaşlığının səviyyəsindən heyranlığını bildirib, ötən dövrdə ədliyyə sahəsində böyük işlərin görüldüyünü vurğulayaraq qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam etdirilməsinə hazır olduğunu söyləyib.
Nazir səmərəli əməkdaşlığa görə xanım E.Sesseraya təşəkkürünü bildirib, ona və Komitənin yeni rəhbəri A.Bauerə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.