Azərbaycanda əhalinin selektiv aborta münasibəti necədir? – FOTO

0
232

“Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqat keçirilib. 

Tədqiqat son illərdə Azərbaycan ailəsinin, ailədaxili münasibətlərin, ailə dəyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin, eləcə də dövlət ailə siyasətinin sistemli təqdimi aspektində demək olar ki, ilk dəfə aparılıb. 

Tədqiqatın məqsədi qlobal miqyasda baş verən radikal sosial transformasiyaların ailələrə təsiri fonunda ölkəmizdə ailədaxili münasibətlərdə müşahidə edilən dinamika və tendensiyaların öyrənilməsi, sosioloji təhlil əsasında aşkara çıxarılmasıdır. Sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2 400 respondentin iştirakı ilə aparılıb. Respondentlərin sosial-demoqrafik göstəricilərinə əsasən deyə bilərik ki, respondentlərin əsaslı hissəsi (96.7 %) azərbaycanlı və müsəlmandır (98.6 %). Seçmə daxilində gender balansı qorunub – kişi (50.3 %) və qadın (49.7 %). Rəyi soruşulanların təxminən üçdə ikisi, yəni 61.2 %-i XXI əsr Azərbaycan ailəsinin XX əsr ailəsindən çox, 25.8 %-i isə qismən fərqləndiyini düşünür. Bu göstərici müstəqillik dövründə ailənin təkamül və dinamikasında baş verən dəyişikliklərin kifayət dərəcədə hiss edilməsinə dəlalət edir. Nikaha daxil olma evlilik yaşı ilə bağlı münasibət də maraqlı nəticələr doğurub. Ümumiyyətlə, respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər evlənməli olduğunu düşünürlər. Qadınların evlilik üçün ən uyğun yaşını 23-27 hesab edən respondentlərin faizi (46.5 %), maraqlı nəticə olmaqla qadınlar üçün tez evliliyin şərt olmadığını, onların təhsil və karyera sahəsində fəal olmasına dair təsəvvürləri ifadə edir. Həmçinin müasir ailə modeli barədə təsəvvürlərin möhkəmlənməsinə işarə edir. Başqa millətlərin nümayəndəsindən olan qadın və kişi arasındakı nikaha, aborta, o cümlədən, uşağın cinsinə görə abort olunmasına münasibət də fərqli nəticələrlə yadda qalıb.

Məsələn, 55.9 % kişi respondent onunla eyni millətdən olan qadının başqa millətlərin nümayəndəsindən olan kişi ilə nikah bağlamasına pis baxır. Oxşar mənzərə fərqli dinlərdən olan şəxslərin nikahına dair də müşahidə edilib. Əhalinin isə olduqca az hissəsi (5 %-dən az) abort və selektiv aborta müsbət baxır. Uşağın cinsinə görə selektiv abort olunmasına mütləq əksəriyyət (90 %) mənfi baxır, bu məsələdə heç bir göstərici üzrə qruplararası fərq müşahidə edilməyib.