Azərbaycana xaricdən gələn bu məhsullar bahalaşacaq

0
72

İyulun 1-dən Bosfor boğazından keçən gəmilərin tranzit qiyməti 15 faiz artırılır. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu açıqlama verib. Belə ki, iyuldan ödənişlər 5,07 dollar təşkil edəcək. Bu isə 2022-ci illə müqayisədə yığımları 6,3 dəfə artıracaq.

Qeyd edək ki, Azərbaycana bir sıra məhsulların gətirilməsi üçün Türkiyə boğazlarından istifadə olunur. Buna görə də yeni qərar ölkəmizə gələn yüklərin qiymətinə də təsir edə bilər.

Mövzu ilə bağlı danışan iqtisadçı Toğrul Vəliyev kifayət qədər məhsulun poçt vasitəsilə Gürcüstandan gəldiyini bildirdi:

“Bu isə o deməkdir ki, Gürcüstandan gətirilən bütün məhsulların qiymətində bahalaşma baş verəcək. Çünki ötən illərə nisbətən ödənişlər daha yüksək olub. Hazırda qiymətlərin nə qədər yüksələcəyini demək bir qədər çətindir. Rusiya-Ukrayna müharibəsi başladığı dövrdən sonra bir çox ixracatçılar Gürcüstan ərazisindən istifadə etməyə başlayıblar. Bu zaman artıq qiymətlər artırılmışdı. Ümumiyyətlə, Azərbaycana Rusiya ərazisindən çatdırılma daha ucuz başa gəlirdi”.

İqtisadçının sözlərinə görə, indiki halda Avropa ölkələrindən, əsasən də Almaniya, Fransa və İtaliyadan dəniz vasitəsilə ixrac olunan məhsulların qiymətində artım olacaq:

“Bu da Azərbaycanda ixracla yanaşı, idxala da təsir göstərəcək. Ölkəmiz idxaldan ciddi şəkildə asılıdır. Bu səbəblərdən də qiymətlər avtomatik artacaq. Əsas qiymət artımı texnoloji avadanlıqlarda hiss olunacaq. Həmçinin Gürcüstandan gələn bütün məhsullarda artım olacaq”.