Azərbaycana toyuq ətinin idxalına tətbiq edilən qadağa qiymətlərə necə təsir edəcək?

0
231

ABŞ-nin Ayova və Missuri ştatlarında, Almaniyanın Türingiya və Saksoniya vilayətlərində, Macarıstanın Haydu-Bihar inzibati ərazi vahidində və Çexiyanın Orta Çexiya diyarında yüksək patogen quş qripi xəstəliyinin yayılması səbəbindən qeyd olunan ölkələrdən Azərbaycana quş əti və məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Tətbiq olunan məhdudiyyət Yeni il öncəsi daxili bazara necə təsir edəcək?

Bununla bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) bildirilib ki, ölkədə kifayət qədər quş əti istehsal olunur və hər hansı bir qıtlıq gözlənilmir:

“Gündəlik istehsal ölkənin tələbatını ödəyəcək dərəcədədir, buna görə də toyuq ətinin qiymətinin bahalaşması gözlənilmir. Əksinə, bayramqabağı qiymətlər endirilib, çünki bayramlardan öncə quş ətinin istehsalı daha da artır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə toyuq əti daha ucuzdur. Sentyabrda 5 manata olan soyudulmuş toyuq hazırda 4,2 manatadır. Anbarlarda məhsulun kifayət qədər olmasının səbəbi soya siropunun idxalında olan ƏDV-nin aradan qaldırılmasıdır, bu da qiymətləri salıb”.

Assosiasiyadan hazırda anbarlarda ümumi fabriklər üzrə 12-13 min ton quş ətinin olduğu qeyd edilib.

“Toyuq əti ölkəmizə, adətən, Gürcüstan, Ukrayna, Belarus və Rusiyadan gətirilirdi. Son dövrlər Gürcüstan və Belarus bir az fəallıq edirdilər. Sözügedən ölkələrdən çox ucuz, istehlaka yaramayan, ikinci sort toyuqlar gəlirdi. Adətən, bu sort toyuqlar Afrika ölkələrinə göndərilirdi. Belarusdan Azərbaycana gətirilən toyuqların əksəriyyəti ya vaxtı bitmiş halda gətirilirdi, ya da son istifadə tarixinə az müddət qalırdı. Qida Təhlükəsizliyi Agentliyi bunun qarşısını alıb. Əhali hazırda daha çox yerli toyuqlara önəm verdiyi üçün toyuqlar dondurulmuş deyil, soyudulmuş vəziyyətdə satışa çıxarılır”, – deyə qurumdan bildirilib.

APEPEA-da hesab edirlər ki, Azərbaycanın nə Ukraynadan, nə də Rusiyadan istər toyuq əti, istərsə də yumurta ilə bağlı asılılığı var:

“Yumurtaya ölkə daxilində tələbat 3 milyon ədəd olduğu halda, bəzən istehsal 5 milyon ədədə qədər artır. Anbarlarda 50 milyon ədədə qədər yumurta ehtiyatı var. Buna görə də hazırda qoyulan məhdudiyyətin bizim üçün heç bir riski yoxdur.

Məhdudiyyət qoyulan dörd ölkənin Azərbaycan bazarında payı, demək olar ki, yoxdur. Gürcüstan üzərindən Azərbaycana gələn quş ətinin 50%-i xarici ölkələrdən sözügedən ölkəyə daxil olan məhsullardır ki, onlar da həmin əti öz məhsulları kimi bizə satırdılar. Hazırda bunların da qarşısı alınıb”.

Xatırladaq ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə APEPEA ABŞ-nin Ayova və Missuri ştatlarından, Almaniyanın Türingiya və Saksoniya vilayətlərindən, Macarıstanın Haydu-Bihar inzibati ərazi vahidindən və Çexiyanın Orta Çexiya diyarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət edib.