Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? – Ekspertlər elə səbəblər göstərdilər ki…

0
136

Pandemiyanın ən çox ziyan vurduğu sahələrdən biri də turizm sektorudur. Bu dövrdə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlamışdı. Hələ quru sərhədlər açılmasa da, ölkəmizə turist axını yenidən bərpa olunur. Lakin Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 8.8 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici turistlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu normal qarşılansa da, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

Bu barədə turizm məsələləri üzrə ekspert Əziz Şiriyev açıqlama verib.

O qeyd edib ki, gələn turistlərin Bakıda qalmasının bir neçə səbəbi var:

“Bunlardan biri Bakının həqiqətən də çox gözəl olmasıdır. Gələn turistlərin əksəriyyəti 3 gecə/4 gün, 4 gecə/5 gün gəldiyinə görə, o vaxt ərzində Bakı, Qobustan, palçıq vulkanı, Abşeron, Yanardağ, Qala muzeylərinə səfərlər edirlər. Bəzən alış-veriş də edirlər. Amma bu da işin əsas səbəblərindən biri olmamalıdır. Ümumiyyətlə, regionlardakı hava limanları gücləndirilmiş iş rejiminə keçməlidir Daha da münasib qiymətlərlə geniş imkanlar yaradılmalıdır. Məsələn, Qəbələdə bu prosesi keçdik. Ərəb və Körfəz ölkələrindən gələn turistlərin 90 % birbaşa uçuşlarla Qəbələyə gəlirdilər. Həm orada qalırdılar, həm də gəzirdilər. Həmçinin Qəbələ ilə yanaşı oradan da Şəki, Zaqatala, Qax və Balakənə gedirdilər”.

2024-cü ilin ilk rübündə hotellərdə qalanların sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Yerli və xarici turistlər daxil olmaqla gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.

Ekspert əlavə edib ki, turistlər üçün yeni imkanlar yaradılmalıdır:

“Qərb və cənub bölgələrində hava limanları var. Ona görə də həmin istiqamətlər üzrə reyslər həyata keçirmək olar. Daha çox turistləri cəlb etmək üçün gələn qonaqları Gəncə hava limanından ödənişsiz olaraq Naftalana aparmaq olar. Bu da sağlamlıq turizminə öz töhfəsini verəcək. Bakıya gələn turistlərin əksəriyyəti ya Qubaya, ya da Qəbələyə gedir. Bölgələrdə festivallar keçirsək, daha maraqlı olar. Bizim çox gözəl toy adət-ənənələrimiz, milli mətbəximiz var. Hər bir bölgənin öz mətbəxi var. Beləliklə, fərqli yanaşsaq, bölgələri daha da maraqlı edə bilərik. Xüsusən 44 günlük zəfərdən sonra ölkəmizin nüfuzu dünyada daha da artmışdır. Buna görə də daha çox turisti cəlb etmək imkanımız var. Xüsusən Qarabağ bölgəsinə yaxın gələcəkdə minlərlə turisti cəlb etmək imkanımız olacaq. Digər bölgələrin potensialı olduqca yüksəkdir. Sadəcə xüsusi proqramlarla həmin yerləri daha da əyləncəli etmək lazımdır”.

Turizm eksperti Ceyhun Aşurov deyib ki, Bakıda hotellər daha çoxdur, bu da turistlər üçün əlverişlidir:

“Ölkəyə giriş-çıxış yalnız Bakıdan, yəni Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. Statistikaya görə uçuşların 90%-dən çoxu yalnız bu hava limanından baş tutur. Bu həm də o deməkdir ki, əcnəbilər Bakıya gəlməklə bir neçə gününü burada keçirirlər. Rayona gedənlərlə yanaşı, getməyənlər də olur. Rayona gedənlər də orada uzunmüddətli qalmırlar. Çünki qayıdanda yenə Heydər Əliyev Beynəlxalq Aeroportundan qayıdacaqlar. Bütün bunlar əlavə xərc və enerji itkisidir. Turistdə istirahətə gəlib, yorulmaq istəmir. Həm büdcəsinə, həm də əlçatanlığına görə Bakını seçir. 4-5 günlük gələn turist rayonlara gedərsə, günün çox hissəsini yolda itirmiş olacaq”.