Azərbaycana gələn F-16-ların hədəfi: Bakı və Ankaranın planı nədir?

0
187

Bu gün Azərbaycan və Türkiyə ordusu F-16-ların da iştirakı ilə Qarabağda, Naxçıvanda və digər istiqamətlərdə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimlər keçirir. İki ölkənin mütəmadi birgə təlim proqramı fonunda bu o qədər də gözlənilməz deyil, hərçənd, Qarabağda erməni separatizminin ləğvindən sonra hərbi müstəvidə bu qədər genişmiqyaslı “əzələ nümayişi” səbəbsiz deyil.

Ermənistanda bu təlimlər Bakı və Ankaranın Zəngəzur dəhlizinin açılması ssenarisinin məşqi kimi təqdim edilir. Ki, dəhlizin hərbi müstəvidə açılması ssenarisi mövcud şərtlərdə aktual deyil və rəsmi Bakı müxtəlif səviyyələrdə bu iddiaları təkzib edib. Hərçənd, bölgədə proseslərin inkişafı fonunda F-16-larla əzələ nümayişinin siyasi mesajları da var:

– Ermənistanı silahlandıran Fransanın rəhbərliyi altında Azərbaycana qarşı cəbhə qurulur;
– Qarabağda erməni separatizmi ləğv edilsə də, sülhməramlıları hələ də qalan Rusiya faktoru tam aradan qalxmayıb;
– Ermənistan sərhədlərini “qırmızı xətti” elan edən İranın mövqeyində yumşalma müşahidə edilsə də, Azərbaycana qarşı təhdid riski hələ də mövcuddur;

Təlimlərin zamanı da müəyyən ehtimallar irəli sürməyə imkan verir. Bakı Qranada görüşündən imtina etdikdən sonra növbəti görüşün oktyabrın 25-də Brüsseldə keçiriləcəyi haqda məlumatlar var. Avropa İttifaqının Fransanın anti-Azərbaycan cəbhəsinə yaxınlaşdığı fonunda Brüssel görüşündə də Qranadada Bakının iştirakı olmadan qəbul edilən məlum bəyanatın masaya qoyulacağı gözləntisi var.

Bu bəyanatda kommunikasiyanın açılması, sərhədin delimitasiyası və “Qarabağ ermənilərinin hüquqları” kimi Bakının gündəliyinə uyğun olmayan məsələlər yer alır. Əliyevin bunu qəbul etməyəcəyi bəllidir və genişmiqyaslı təlimlərin keçirilməsi ilə Brüsselə əli güclü formada getdiyini deyə bilərik. Və mümkündür ki, Əliyev bölgədə Azərbaycana və mövcud reallıqlara qarşı atılacaq addımların nə ilə üzləşəcəyini Brüssel görüşündə izah edəcək.

Bütün bunların fonunda Cənubi Qafqazda nüfuz bölgüsünün açıq müstəviyə keçdiyi vaxt, Bakı və Ankara yenidən birlik mesajı da verir.