“Azərxalça” ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək.
Bu barədə “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib.
O bildirib ki, buna qədər xaricə satılan Azərbaycan xalçaları, onların toxunma prosesi, materialları barədə dolğun məlumatlar olmurdu:
“Xalçaların üzərinə yerləşdirilən QR kodlara telefonun kamerasını yaxınlaşdırmaqla xalça haqqında məlumatları öyrənmək olar. Burada xalçanın adı, növü, istifadə edilən materiallar, ölçüsü, inventar, tarixi, toxunma yeri, fotoları qeyd olunub.
“Azərxalça”nın xalçaları haqqında reyestrdəki məlumatlar məhdudiyyətsizdir. Eyni zamanda bütün xalçaların özünün sertifikatı və sənədi olur. QR kod isə bu məlumatların istənilən yerdə əlçatan olması üçün daha əlverişli sistemdir”.