Azərbaycan Xəzərdə ən böyük donanmaya malikdir

0
749

Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmışdır. 2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans vasitəsilə görüşü zamanı bildirib.

“Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilmiş, 140 gəminin və platformaların təmiri həyata keçirilmişdir. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulmuşdur. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcəkdir.

Azərbaycan, eyni zamanda, avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmişdir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir”, – dövlət başçısı deyib.