Azərbaycan və İran bu məsələlərdə razılaşdı

0
377

Azərbaycan və İran arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının (SES) tikintisinin tamamlanması ilə bağlı Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrasının gedişinin müzakirəsi məqsədilə “Qız Qalası” hidroqovşağında Komissiya üzvlərinin görüşü keçirilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə hidroqovşaqların və SES-lərin tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişə uyğun olaraq, icrası yekunlaşdırılmış və bundan sonra görüləcək işlərlə bağlı müzakirələr aparılıb, gündəlikdə duran məsələlər üzrə razılıqlar əldə edilib.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə tələbatının ödənilməsi, habelə kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malik olan hidroqovşaq və SES-lərin inşası prosesinin sürətləndirilməsi üçün səylərin artırılması qərara alınıb.