Azərbaycan Silahlı Qüvvələri – 101 İL

0
567

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 101 il ötür.

Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Azərbaycanda ilk hərbi hissə – əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.

Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, Çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Baş Qərargah rəisi təyin ediliblər.

Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.

Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər – İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub.

Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.

Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib.

Müstəqillikdən sonra Azərbaycanda ilk hərbi parad 1992-ci il oktyabrın 9-da Bakının Azadlıq meydanında keçirilib.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.

2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da dördüncü və 2018-ci il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə beşinci hərbi parad keçirilib.

Azərbaycan Ordusu öz gücünü, qüdrətini 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonu istiqamətində bir daha sübut etdi. Bu gün Azərbaycan bayrağı Talış zirvəsində, Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərində əzəmətlə dalğalanır. Strateji əhəmiyyət daşıyan bu yüksəkliklərin geri qaytarılması sübut edir ki, Azərbaycan öz tarixi torpaqlarını mütləq geri qaytaracaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, dövlət bayrağımız Şuşa, Xankəndi, Laçın və işğal altında olan digər torpaqlarımızda da vüqarla dalğalanacaq.