Azərbaycan səfirindən İtaliya erməni icmasına cavab

0
666

“Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqətinizi Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəldin”.

Bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliya erməni icmasına cavabında deyib.

Ötən həftə İtaliyanın mətbuat orqanlarında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir” sərlövhəsi ilə dərc olunmuş məqaləsi İtaliya erməni icmasını “hiddətləndirib”.

İtaliyada yaşayan ermənilər “Roma Erməni İcması Şurası” adlı qurum adından Azərbaycan səfirinin məqaləsini dərc etmiş mətbuat orqanlarına etiraz məktubları ünvanlayaraq İtaliya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yayındırmağa hesablanmış sayıqlamalarla çıxış edib. Bu xüsusda, erməni tərəfinin məktubunu dərc etmiş mətbuat orqanlarının (“Notizie Geopolitiche, “Giornale Diplomatico”, “Politicamente Corretto”, “Sardegnagol”) redaksiyalarına Azərbaycanın İtaliyadakı səfirinin göndərdiyi cavab məktubu həmin KİV-lərin hər biri tərəfindən yayımlanıb.

Məktubunda Azərbaycan səfiri, ilk növbədə, həmin mətbuat orqanlarına regionumuzdakı proseslərə göstərdiyi diqqətə, habelə ötən həftə onun məqaləsini dərc etməklə italyan oxucularına bölgədəki vəziyyət haqqında mənzərənin aydın olmasına dair yaradılan şəraitə görə təşəkkür edib.

Yalnız bu yolla həqiqətin üzə çıxa biləcəyini söyləyib. Azərbaycan diplomatı onun məqaləsinə erməni tərəfinin “Roma Erməni İcması Şurası” adlı qurum vasitəsilə “cavab” vermək cəhdlərinə münasibətdə isə bildirib ki, bu qurumun Ermənistanın təcavüzkar mahiyyətini inkar etmək üçün heç bir arqument ortaya qoya bilməməsi və diqqəti Azərbaycana qarşı ucuz qarayaxma kampaniyasına yönəltməsi bir tərəfdən Ermənistanın təcavüzkar siyasətini ört-basdır etmək üçün uğursuz cəhdidirsə, digər tərəfdən də Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalan tərəf olmasının etirafıdır.

Diplomat həmin quruma Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqəti müstəqillik illərində Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəltməyi məsləhət görüb.

Azərbaycan diplomatı qeyd edib ki, əslində xaricdə yaşayan diasporun məqsədi vətəninin inkişafı və çiçəklənməsi olmalıdır, lakin erməni tərəfində isə bu, tamamilə əksinədir.

“Əgər həqiqətən də erməni diasporu erməni xalqının gələcəyini düşünürsə və Ermənistanı sabit, inkişaf etmiş və çiçəklənən ölkə kimi görmək istəyirsə, birinci növbədə Ermənistanı öz qonşuları ilə normal münasibətlər qurmağa çağırmalıdır”, – deyə M.Əhmədzadə vurğulayıb.

Diplomat məktubunu bu fikirlərlə tamamlayıb:

“Erməni icması başa düşməlidir ki, hərdənbir Ermənistana maliyyə ianələri göndərmək heç də Ermənistanı sevmək demək deyil. Nə bu maliyyə ianələri, nə də Ermənistanın səhvlərini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla ört-basdır etmək Ermənistanın problemlərini həll etməyəcək”.

Erməni tərəfinin məktubunu dərc etmiş “Giornale Diplomatico” qəzetinə isə M.Əhmədzadə belə cavab verib:

“30 ilə yaxındır ki, Azərbaycan öz ərazilərinin 20 faizinin hərbi cəhətdən işğal olunmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə sadiq olub. Bizim danışıqlarda məqsədimiz münaqişənin həllinə nail olmaq üçün nəticələrə yönəlik substantiv danışıqlar aparmaqdır. Lakin Ermənistanın məqsədi isə danışıqları uzatmaq və status kvonu saxlamaqdır. Redaksiyanın münaqişənin tezliklə həllinə çağırışını alqışlayırıq, lakin bu çağırış Azərbaycana yox, əraziləri işğal altında saxlayan tərəfə edilməlidir”.