Azərbaycan Qazax-Tavuş istiqamətində hansı üstünlük əldə etdi? – Xəritələr gündəmdə

0
99

Azərbaycan və Ermənistan arasında 19 aprel razılaşmasına uyğun olaraq, mayın 15-də sərhədin Qazax-Tavuş istiqamətinin demarkasiya edilməsi ilə bağlı protokol imzalanıb.

Demarkasiya razılaşması nəticəsində təkcə Qazaxın 4 kəndi (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) azad edilmədi, həm də Ermənistanı Gürcüstanla birləşdirən magistral yolun bu istiqamətdəki hissəsi Azərbaycanın nəzarətinə keçir. Bunu Paşinyanın ofisi də təsdiq edib. Əsas problemli məsələ Tavuşun Kirants kəndi ilə bağlıdır. Burada demarkasiya koordinatları razılaşdırılıb, lakin praktiki işlər hələ aparılmır, çünki kənddə müəyyən evlər Azərbaycan sərhədinə daxildir. Ermənistan hakimiyyəti oradakı erməniləri köçürdükdən sonra Azərbaycan sərhədçiləri həmin istiqamətdə də yerləşəcək.

Razılaşmada əsas məqam demarkasiyanın “SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə” uyğun aparılmasıdır. Bu, SSRİ dağılana qədər mövcud olan sonuncu xəritədir: 1976-cı ildə hazırlanıb, 1979-cu ildə bu xəritə təsdiq edilib və ittifaq dağılana qədər qüvvədə olub;

Ermənistan bununla sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyanın SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsinə nail oldu və bu prinsipin sərhədin digər hissələrinin müəyyənləşməsində də əsas götürüləcəyini vacib üstünlük hesab edirlər. Hərçənd, sərhədin digər hissələrinin müəyyənləşməsində Azərbaycan 1976-79-cu il xəritəsini qəbul etməyəcək: bu, həm qoşunların geri çəkilməsi deməkdir, həm də SSRİ dövründə ermənilərə verilən ərazilərimiz üzərində Ermənistanın legitimliyinin qəbul edilməsidir. 19 aprel razılaşması da Azərbaycana sülh sazişində başqa prinsiplər irəli sürməyə imkan verir.

Bu, sərhədin qarış-qarış müəyyənləşməsi prinsipi ola bilər. Ki, belə olan halda qoşunlar hazırda dayandığı mövqelərdə qalacaq və sərhəd xəttində Azərbaycanın strateji üstünlüyü qorunacaq. Lakin Bakının SSRİ dövrünün 1976-cı ildən öncəki xəritələrini irəli sürəcəyi ehtimalı daha böyükdür. Buna təkcə 19 aprel razılaşması imkan vermir, Qazax-Tavuş istiqamətində 1976-79-cu il xəritəsinin əsas götürülməsi də, əslində “xəritələr məsələsi” ilə bağlı presedent yaradır və Azərbaycan bu presedentdən istifadə edə bilər.