Azərbaycan Prezidentinin köməkçisi BMT rəhbərliyinin münaqişədən sonra regiona səfər etməməsini tənqid edib

0
243

“Azad olunmuş ərazilərdə bu miqyasda dağıntıları görən səfirlər tərəfindən haqlı olaraq suallar ünvanlandı ki, bəs beynəlxalq ictimaiyyət, BMT və onun alt təsisatları Azərbaycana hansı yardımlar göstərir? Əslində, yardım göstərməlidirlər də. Çünki Azərbaycan dünyada ən unikal və ən dəhşətli post-münaqişə şəraitlərindən biri üzləşib. Biz açıq şəkildə bildirdik ki, təəssüf ki, Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı genişmiqyaslı fəaliyyət yoxdur”.

bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, münaqişə başa çatandan sonra BMT-nin ali rəhbərliyi tərəfindən hələ də regiona səfər olmayıb: “Normalda 30 ildən artıq davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş post-münaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər edilməli və bu münaqişənin həll edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları, əslində, təqdir olunmalı idi. Təəssüflər olsun ki, necə BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 il masa üzərində qaldısa, biz bu məsələdə də BMT rəhbərliyi tərəfindən hər hansı ciddi fəaliyyət müşahidə etmirik”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan artıq belə münasibətə öyrəşib: “Azərbaycana münasibətdə “Marşal planı” yoxdur. Bəlkə Azərbaycan xalqı və dövləti onların təqdim edəcəyi formada bunun arzusunda da deyil. Bizim özümüzün milli resurslarımız var. Amma burada həmrəylik nümunələri çox vacibdir. Məsələn, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın qardaş dəstəyi, Füzuli şəhərində məktəb layihəsi ilə bağlı təkliflər və digər layihələr həmrəyliyin, qardaşlığın nümunəsidir. Bu kimi addımlar Azərbaycan tərəfindən də müsbət qiymətləndirilir”.