Azərbaycan ordusunun dünyanı heyrətə salan məxfi taktikaları – DETALLAR

0
83

Azərbaycan Silahlı Qüvvələri “Global Firepower” portalının 2023-cü il üzrə reytinq cədvəlində dünyada 57-ci sırada, Cənubi Qafqazda isə birinci sırada qərarlaşır. Bu portalın reytinq hesablamalarında bəzən subyektivliyə yol verildiyi də nəzərə alınmalıdır, çünki aktiv döyüş qabiliyyətinə görə ordumuz daha ön sıralarda olmalıdır.

Son 4 ildə çətin relyefdə aktiv döyüş aparmaqla ən qısa zamanda maksimum nəticə əldə edən ordu kimi Azərbaycan Silahlı Qüvvələri dünyada ilk sıralardadır, bəlkə də birincidir. II Qarabağ müharibəsinin dünyanın hərbi nəzəriyyələrini dəyişdirməsi də belə düşünməyə əsas verir. 44 günlük müharibədən sonra ABŞ-da daxil olmaqla dünya ölkələri hərbi strategiyalarını yenidən nəzərdən keçirmək haqda düşünməyə başladı, çünki Azərbaycan ordusunun tətbiq etdiyi taktikalar hərbi əməliyyatlar haqda streotipləri dəyişdirmişdi.

Bunu bir neçə nümunə ilə əsaslandırmaq olar.

Şuşa əməliyyatı: yüngül silahlarla – bıçaq və tapança ilə silahlanmış hərbçilərin qayalara dırmaşaraq şəhəri azad etməsi hərbi mütəxəssislər tərəfindən müasir hərb elminin prinsiplərinin alt-üst edilməsi kimi qiymətləndirilir. Misal üçün, israilli jurnalist Pyotr Lyukimson yazırdı ki, “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: “Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.

Aypara taktikası: bu, qədim türk hərbi taktikasının müasir hərbə transformasiya edilməsi, düşməni çəmbərə alaraq, məhv edilməsi ilə nəticələndi;

Dron müharibəsi: müharibədə PUA-ların uğurla tətbiqi ağır hərbi texnikaların işə yaramadığını ortaya çıxardı və hava hücumundan müdafiə strategiyasına yenidən baxmağı şərtləndirdi.

Amerikalı mütəxəssislər “Birləşmiş Ştatlar ordusu Qarabağ müharibəsindən nə öyrənə bilər” istiqamətində araşdırmalar aparıb. Derek Valtonun (Derek Walton – ABŞ ordusunun aviasiya zabiti, C-sUAS strategiyasının müəllifi), Kendall Qomberin (Kendall Gomber – ABŞ ordusunun kəşfiyyat zabiti), Metyu Ceymson (Matthew Jamison – ABŞ Hərbi Hava Qüvvələrinin zabiti) və Nikol Tomasın (Nicole Thomas – ABŞ ordusunun mülki əməkdaşı, PUA-lara qarşı mübarizə idarəsində strategiya və sitasət şöbəsinin rəhbəri) Azərbaycan ordusunun 44 günlük müharibə təcrübəsinə əsaslanaraq, ABŞ ordusu üçün hazırladıqları strategiyası bu kontekstdə xüsusilə əhəmiyyətlidir.

Almaniya ordusu (Bundesver) da Azərbaycan ordusunun müharibə təcrübəsini öyrənib. Almaniyanın Hərbi və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Mixael Karl bildirirdi ki, Bundesver hazırda Azərbaycanın Qarabağda tətbiq etdiyi əməliyyat üsulları qarşısında müdafiəsiz vəziyyətdə qala bilər. Buna görə o, Almaniya ordusunun gələcək strategiyasını bu təcrübəyə əsasən müəyyən etməsini tövsiyə edib.

Azərbaycan ordusunun “Kukruznik”lərdən – AN-2 – istifadəsi də dünyanı heyrətə salan taktikalardan idi və hərb tarixinə yenilik kimi düşdü: naviqasiya sistemləri ilə təchiz edilmiş və pilotsuz təyyarəyə çevirmiş “Kukruznik”lər aşağı hündürlükdə uçur, onları vuran Ermənistan hava hücumundan müdafiə sistemləri yerlərini bəlli edir və PUA-larla məhv edilirdilər. Müharibədən sonra məlum oldu ki, “Kukruznik” taktikası 2013-cü ildə hazırlanıb, 7 il məxfi saxlanılan bu taktika nəticəsində müharibənin ilk günündə Ermənistanın HHM vasitələrinin 60 faizi məhv edilib. Amerikalı mütəxəssislər bu taktikanı Vyetnma müharibəsində istifadə olunan “Yırtıcı Veals” (Wild Weasel) və ya “Ovçu-Qatil” (Hunter-Killer) konsepsiyalarına bənzədirlər.

Bütün bunlar bu gün 106 illiyini qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları arasında olduğuna əminlik yaradır.