Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi

0
11

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Nazirlikdən verilən məlumata görə, mərasimlərdə hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirilib.

Təntənəli surətdə Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək andiçmə mərasiminin 10 May tarixinə – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq, Ulu Öndərin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyətindən, xalq və dövlətçilik üçün gördüyü əvəzsiz xidmətlərdən danışıb, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik ediblər.

Onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.