Azərbaycan Ombudsmanı Ruben Vardanyanla görüşüb

0
272

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirib.

Ombudsman Aparatından verilən xəbərə görə, Ombudsman tərəfindən beynəlxalq və milli hüquq normalarının tələbləri əsasında keçirilən növbəti başçəkmə çərçivəsində bir çox təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq həbs edilmiş Ruben Karlenoviç Vardanyan da qəbul edilib.

3 oktyabr 2023-cü il tarixdə keçirilmiş başçəkmə zamanı Ruben Karlenoviç Vardanyan Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, müraciətləri yerində cavablandırılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarının təmin olunma vəziyyəti monitorinq edilib.

O, saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir.

Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmanın səlahiyyətləri və Çağrı Mərkəzinə birbaşa müraciət imkanı ilə bağlı məlumatlandırıcı nəşrlər də təqdim olunub.

Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir ayrı-seçkiliyə yol verilmədən hüquqlarının, informasiyaya çatım imkanlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən edilib.