Dünən İspaniyanın paytaxtı Madriddə keçirilən qılıncoynatma üzrə Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycan təmsilçisi Anna Başta qızıl medal qazanmaqla Tokio Olimpiadasına lisenziya qazandı.
Bu yazıda Azərbaycan üçün Tokio Yay Olimpiya Oyunlarına indiyədək nə qədər lisenziyanın rəsmiləşdiyini və potensial lisenziyaların sayını araşdırıb.
Öncə onu da bildirək ki, 17 lisenziya tam rəsmiləşib. Onları təqdim edirik:
Atletika
Anna Skidan (çəkic atma)
Nazim Babayev (üç təkanla tullanma)
Boks
Tayfur Əliyev (-57 kq)
Velosiped idmanı
Şose velosipedi (böyük ehtimalla, Azərbaycanı bu yarışda Elçin Əsədov təmsil edəcək)
Qılıncoynatma
Anna Başta (sablya)
Gimnastika
İvan Tixonov (idman gimnastikası)
Marina Nekrasova (idman gimnastikası)
Zöhrə Ağamirova (bədii gimnastika)
Beş nəfərdən ibarət qrup komandası (bədii gimnastika)
Atıcılıq
Ruslan Lunyov (güllə atıcılığı)
Üzgüçülük
Maksim Şemberev (400 metr məsafəyə qarışıq üsulla üzmə)
Taekvondo
Milad Beiqi (-80 kq)
Güləş
Sərbəst güləş (65 kq, 74 kq, 97 kq)
Yunan-Roma güləşi (87 kq)
Qadın güləşi (50 kq)
Qeyd: Güləşdə lisenziyanı hansı idmançının qazanmasından asılı olmayaraq, həmin çəkidə hansı idmançının yarışacağına federasiya qərar verir.
Təbii ki, reytinqlə lisenziya xalları verən idman növlərindən karate və cüdoda hələ rəsmi lisenziyaların sayı açıqlanmayıb. Reytinqlə lisenziya qazananlar karatedə 30 aprel – 2 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Premyer Liqa yarışından sonra açıqlanacaq. Ancaq bu yarışın nəticəsindən asılı olmayaraq, karatedə iki çəki dərəcəsində lisenziya qazandığımızı indidən söyləmək mümkündür. Bunlar dünya çempionlarımız – Rafael Ağayev (-75 kq) və İrina Zaretskayadır (+61 kq). Həmçinin 11-13 iyunda Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində ilk üçlüyə düşə bilən digər karateçilərimizin də lisenziya qazanma şansları var.
Cüdoda lisenziyaların sahiblərinin adlarına iyunun 28-də açıqlanacaq Olimpiya reytinqinə əsasən aydınlıq gələcək. Ancaq kişilərdə Kəramət Hüseynov (60 kq-da Davud Məmmədsoy da ola bilər), Orxan Səfərov (66 kq-da Nicat Şıxəlizadə də ola bilər), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (81 kq-da Hidayət Heydərovun da az da olsa şansı var), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kostoyev (100 kq-da Elmar Qasımov da ola bilər) və Uşanqi Kokauri (+100 kq), qadınlarda isə İrina Kindzerskaya (+78 kq) Olimpiya reytinqi ilə lisenziya qazanmış sayılır. Yalnız 81 kq-da lisenziyanı tam təmin etmiş sayılmırıq (bunun üçün qarşıdakı yarışlarda uğurlu nəticələr əldə edib yeri möhkəmlətmək lazım gələcək – S.M.).
Beləliklə, karatedə iki, cüdoda isə yeddi idmançının da lisenziya qazandığını saysaq, qeyri-rəsmi lisenziyalarımızın sayı 26-ya çatır.
Qeyd edək ki, güləş, taekvondo və boksda isə Olimpiya Təsnifat Turnirləri keçiriləcək. İlk iki idman növünün təsnifat yarışı Bolqarıstanın paytaxtı Sofiyada olacaq. Gələn ay təxminən eyni tarixlərdə keçirilən iki yarışda finalçılar Olimpiadaya lisenziya qazanmış sayılacaq. Taekvondoda 3, güləşdə 13 idmançımız təsnifat yarışında mübarizə aparacaq.