“Azərbaycan o nadir ölkələrdəndir ki, heç kimə yardım üçün müraciət etməyib, əksinə…”

0
439
1999-cu ildə Neft Fondunun yaradılması, 2005-ci ildən başlayaraq Azərbaycana neftin satışından daxil olan gəlirlərin reallaşdırılması, Fondun vəsaitləri hesabına həyata keçirilən layihələrin əhatə dairəsinin genişlənməsi, qeyri-neft sektorunun, regionların üstün inkişaf etdirilməsinin vacibliyi dövlətin borc siyasətində zəruri dəyişikliklər edilməsini zəruri etdi. Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın müəyyən mərhələsində, xüsusilə qloballaşma şəraitində beynəlxalq əlaqələrin genişləndirilməsi, əlverişli şərtlərlə yeni investisiya resurslarına, müasir texnologiyalara çıxışı təmin etmək məqsədilə borcun alınması və vaxtında ödənilməsi iqtisadi cəhətdən də, siyasi cəhətdən də vacib şərtlərdən sayılır. Azərbaycan dövlətinin apardığı borc siyasəti, dövlətin, Maliyyə Nazirliyinin, hökumətin borclanma ilə əlaqədar gördüyü tədbirlər dövlət başçısının daima nəzarətindədir.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə deyib.
Komitə sədrinin sədrinin dediyinə görə, son 16 ildə Azərbaycan dünya ölkələri içərisində ən az borc alan ölkə kimi tanınıb.
O, qeyd edib ki, qarşıdakı illərdə manatın məzənnəsinin qəflətən aşağı düşməsinin nəticələrinin aradan qaldırılması, eyni zamanda, iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun sürətli inkişafı nəticəsində bu meyil daha da güclənəcək.
““Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara 2018-ci ildə edilən dəyişikliklər, eləcə də dövlət borcu barədə təsdiq edilmiş strategiyada nəzərdə tutulan tədbirlər Azərbaycanın borclanma siyasətini bundan sonra da ölkəmizin iqtisadi qüdrətinin, iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinin mühüm amillərindən biri olacaqdır. Prezident İlham Əliyevin bununla əlaqədar olaraq bir fikrinə müraciəti vacib sayıram.
Dövlət başçısı deyir:
“…Böhran onu göstərdi ki, elə ölkələr var onlar öz hesabına yaşaya bilmir, başqa ölkələrin yardımına möhtacdır və bu yardımları alırlar. Bəzi hallarda beynəlxalq maliyyə qurumlarından kreditlər şəklində yardımlar alırlar. Ancaq o da həqiqətdir ki, bu kreditlər gec-tez qaytarılmalıdır və bu yardımı edənlər də müəyyən şərtlər irəli sürür. Azərbaycan o nadir ölkələrdəndir ki, nəinki heç kimə yardım üçün müraciət etməyib, eyni zamanda, bizə dəfələrlə başqa yerlərdən kreditlərin verilməsi ilə əlaqədar müraciətlər daxil olmuşdur”.
Azərbaycan dövlətinin borclanma siyasəti ölkənin milli maraqlarını əsas tutmaqla iqtisadi müstəqilliyin daha da güclənməsinə, qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına xidmət edir. Xarici borcun həcminin ÜDM-ə nisbəti bir çox ölkələrdəki borclanmadan dəfələrlə azdır. Bu gün Azərbaycan artıq borcalan ölkədən borcverən ölkəyə çevrilib. Müəyyən miqdarda daxili borclanmaya getməklə iqtisadiyyatımızı daxili imkanlar hesabına daha geniş səviyyədə inkişaf etdirə bilərik. Xarici banklarda saxlanılan vəsaitlərimizin optimal həddi barədə düşünmək onların bir hissəsinin ölkə daxilində istifadə edilməsi məqsədəuyğun olardı. 2020-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard manat müəyyən edilmişdir. Bu kifayət qədər məqbul həddir və ölkənin iqtisadi təhlükəsizlik meyarlarına tam cavab verir.
Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində heç 100 milyon dollar valuta ehtiyatı olmayan respublikamızın bu gün 50 milyard dollar valyuta ehtiyatları var. Bu, ölkənin xarici borcunun həcmindən 5 dəfədən çoxdur. Bütün bu təhlillər onu göstərir ki, Azərbaycan dövləti xarici borclanma siyasətinə həssaslıqla yanaşır, borclanma məsələsini həmişə diqqət mərkəzində saxlayır, onun alınmasında və qaytarılmasında qarşı tərəflə razılaşdırılmış şərtlərin yerinə yetirilməsini strateji vəzifə kimi qiymətləndirir. Məqsəd ondan ibarətdir ki, müvafiq strukturlar alınan borc vəsaitlərindən səmərəli istifadə etməli, borclanma siyasətində yalnız strateji, innovasiyalı rəqabətə davamlı iqtisadiyyatın qurmasına xidmət edən layihələrə üstünlük verməlidirlər…”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.