Azərbaycan multikulturalizmi Latın Amerikası ölkələrində geniş təbliğ olunur

0
536

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini 2015-ci ildən həyata keçirir. Bu, Mərkəzin ən uğurlu və davamlı layihələrindən biridir. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün gerçəkləşməsi məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi getdikcə daha geniş coğrafiyanı əhatə etməkdədir. Hazırda dünyanın 22 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Ruminiya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunan (2018) “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradıb.

Bu sözləri  açıqlamasında BBMM-in aparıcı məsləhətçisi Billurə Aslanqızı deyib.

O bildirib ki, “Azərbaycan multikulturalizmi”nin ən son tədris olunmağa başladığı xarici universitetlər Latın Amerikası ölkələrinin ali təhsil ocaqlarıdır. BBMM və Braziliya Federal Universiteti arasında imzalanan qarşılıqlı anlaşma memorandumuna əsasən, 2019-2020-ci dərs ilindən etibarən “Azərbaycan multikulturalizmi” fənni artıq bu ali məktəbdə də tədris olunur.

B.Aslanqızı xatırladıb ki, BBMM bu günədək dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirsə də, Braziliya Federal Universiteti ilə Latın Amerikası ölkələrində bu sahədə ilk addımı atıb. Növbəti ildən bu fənnin Rio-de-Janeyro Universitetində də tədrisi ilə bağlı anlaşma memorandumu imzalanıb. Qeyd edilib ki, Braziliyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisini BBMM-in əməkdaşı, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru İrina Kunina həyat keçirib. “İ.Kunina istər Braziliya Universitetində, istərsə də Latın Amerikası ölkələrində Azərbaycan multikulturalizmi ilə əlaqədar keçirilən silsilə tədbirlərdə iştirakçıların mövzuya böyük marağının aydın hiss olunduğunu bildirib”, – deyə BBMM-in əməkdaşı vurğulayıb.

Qeyd olunub ki, ötən ay Braziliya Federal Universitetində iki həftə ərzində davam edən dərslərlə yanaşı, Braziliya, Argentina və Uruqvayda BBMM-in, eləcə də Azərbaycan Respublikasının bu ölkələrdəki səfirliklərinin təşkilatçılığı ilə bir sıra görüşlər, seminarlar, dəyirmi masalar da keçirilib. Braziliya Federal Universitetində, Uruqvayın Katolik, Argentinanın Belqrano, Salvador və La-Plata universitetlərində, eləcə də Buenos-Ayres şəhərindəki Beynəlxalq Münasibətlər Mərkəzində “Azərbaycan multikulturalizmi modeli” mövzusunda təşkil olunan silsilə tədbirlərdə 100-dən çox qonaq – dövlət rəsmiləri, alimlər, ziyalılar, tədqiqatçılar və tələbələr iştirak ediblər. Görüşlər zamanı Azərbaycandakı etnik qruplar, onların münaqişə olmadan, qarşılıqlı anlaşma şəraitində yaşaya bilməsi faktı, eləcə də Prezident İlham Əliyevin bu multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib. Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, eləcə də multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol haqda geniş müzakirələr aparılıb. Diqqətə çatdırılıb ki, Uruqvay və Argentina ermənilərin kompakt yaşadığı ölkələrdəndir. Burada fəal erməni diasporu bu tədbirlərə mane olmağa çalışıb. Lakin onların cəhdləri uğursuz olub və Latın Amerikası ölkələrində baş tutan tədbirlər kifayət qədər böyük maraqla qarşılanıb. Tədbirlərdə, həmçinin gələcək təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşliq istiqamətləri də müzakirə olunub.

Latın Amerikası ölkələrində Azərbaycanın multikulturalizm modelinin bu cür geniş təbliğ olunmasının ölkəmizə marağı artırmaqla yanaşı, respublikamızın dünyada multikulturalizmin ünvanlarından biri kimi tanıdılmasına xidmət etdiyini deyən BBMM-in nümayəndəsi bildirib ki, yaxın gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə universitetləri də qoşulacaq.

“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu multikulturalizm siyasəti, eləcə də dövlətimizin başçısının Fərmanı əsasında yaradılan BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsini və gücünü də artırmaqdadır.

Azərbaycanın multikulturalizm modeli xarici ölkələrdə uğurlu nümunə kimi qəbul edilir. Bu modelin elmi müstəvidə öyrənilməsi və araşdırılması BBMM tərəfindən uğurla davam etdiriləcək”, – deyə B.Aslanqızı əlavə edib.

Xatırladaq ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşmalar əsasında keçirilir.