Onun haqqında belə deyirlər: “Həsənağa Turabov əsl şəxsiyyət idi. Azərbaycan teatr və kino sənətində barmaqla sayılası bir neçə sənətkar var ki, onlardan biri də odur. Azərbaycan mədəniyyəti, şüuru, düşüncəsi, əxlaqı bu insanda cəmləşmişdi. Belə insanlar nadir hallarda doğulur”.
Doğurdan da istər şəxsiyyəti, istər aktyorluğu, istər bənzərsiz səs tembri, istərsə də siması ilə o həmişə fərqlənib. Bir insanı hamı sevə bilməz deyirlər. Amma çətin ki, elə bir adam tapılardı ki, onu sevməsin.
Bu gün Xalq artisti, sözün böyük mənasında sənətkar Həsənağa Turabovun anım günüdür. Sevilən teatr və kino aktyorunun vəfatından 21 il ötür.
Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə isə həm də sənət ocağının direktoru və bədii rəhbəri olub. Həsənağa Turabov həmçinin on ildən artıq Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik edib.
Turabov teatrda fəaliyyətinə epizodik rollarla başlasa da, tezliklə ona əsas rollar həvalə edilib, daha sonra teatrın aparıcı aktyoru kimi tanınıb. Aktyor “Kəndçi qızı”, “Yaxşı adam”, “Hamlet”, “Orman qızı”, “Ölülər”, “Xəyyam” və bu kimi onlarla səhnə əsərində özünəməxsus obrazlar yaradıb.
Eləcə də, oynadığı epizodik rollar – “Qara daşlar”, “Telefonçu qız”, “İstintaq davam edir”, “Sən niyə susursan?”, “Sevil” bədii filmlərindəki rolları onun kinematoqrafik istedadını üzə çıxarmasaydı, bəlkə də “Yeddi oğul istərəm” filmində ona məşhurluq gətirən Gəray bəy obrazı da olmayacaqdı. Bu bir həqiqətdir ki, Həsənağa Turabovun adı milli kino tariximizə məhz “Gəray bəy” kimi qızıl hərflərlə yazılıb.
Çəkildiyi 50-dən artıq filmdə müxtəlif xarakterli obrazlar oynayan Turabov “Babək”, “Qorxma, mən səninləyəm”, “Yaramaz”, “Axırıncı aşırım”, “Var olun, qızlar”, “Xatirələr sahili”, “Nə gözəldir bu dünya”, “Ürək… Ürək…”, “Sevinc buxtası”, “Çarvadarların izi ilə”, “Qəm pəncərəsi” kimi ekran əsərlərində nəhəng aktyor oyunu ilə adını tarixə yazmağı bacarıb.
Özünü rejissor kimi də sınayan Həsənağa Turabov “Tənha narın nağılı” və “Atları yəhərləyin” filmlərinə də quruluş verib. Bəlkə də bu həvəs onda “Bəyin oğurlanması” filmində canlandırdığı rejissor obrazından sonra yaranmışdı, kim bilir…
Bütün ömrünü teatra həsr edən, illərlə sənət ocağıının direktoru olan Həsənağa Turabovun ürəyində bir obrazı oynamaq arzusu var imiş… Ağa Məhəmməd Şah Qacar… Təəssüf ki, bu ona qismət olmur…
Sənətkarın oğlu müsahibələrinin birində belə deyib:
“Atamı Daşqının, dərdi öldürdü. Qardaşım polis əməkdaşı idi, cavan yaşında həlak oldu. Tutmaq istədikləri cinayətkarın əlindəki silah açılmış, güllə ona dəymişdi. Atam onu hamıdan çox sevirdi. Onun ölümündən sonra atamın daxilində elə bil nəsə qırıldı. O vaxta qədər sağlamlığından heç vaxt şikayət etməmişdi. Amma bu hadisədən sonra səhhəti kəskin surətdə pisləşməyə başladı. Həkimlər müayinə etdikdən sonra məsləhət gördülər ki, tezliklə əməliyyat olunmalıdır, bir gündən sonra gec ola bilər. Xəstəxanada isə həkimlər əməliyyat etməyi boyunlarına götürmürdülər, deyirdilər, ürəyi çox zəifdir, sağ qalma şansı 5-6 faizdir. Nəhayət, əməliyyat olundu. Həkimlər demişdilər ki, bundan sonra 10 il də yaşaya bilər. Amma heç 4 il də yaşamadı”.
Həsənağa Turabovun qızı atasının dəfn olunduğu günü belə xatırlayır:
“Atam həmişə deyirdi ki, mən rəhmətə gedəndən sona da mənim ailəmə hörmət edəcəklər. Xalq onu sevirdi. O, rəhmətə gedəndə tabutunu səhnəyə qoymuşdular. Aparıcı bildirdi ki, ailə üzvləri gəlib mərhumla vidalaşsın. İnanın, biz güclə səhnəyə çıxdıq. Adamların qarşısını almaq olmadı, biz ailə üzvləri kənara sıxışdırılmışdıq. İnsanlar əlini onun tabutuna toxundurmaq, onunla son dəfə vidalaşmaq istəyirdilər. “Azdrama”dan “Azad qadın” heykəlinin yanına qədər adamlar onun tabutunu çiyinlərində apardılar. Əmim çiynini tabutun altına vermişdi. Əmimin əlindən belə aldılar atamı. Adamlar bizə deyirdilər ki, o, sizin üçün evdə ata, qardaşdır, burda Həsən Turabov xalqın adamıdır. Mən ona qədər də bilirdim ki, insanlar atamı sevir, amma onda bir daha buna əmin oldum”.
Yaxşı aktyor kimi yaddaşlarda qalmaq nə qədər gözəl hisdirsə, yaxşı kişi kimi də yaşayıb ölmək bir o qədər fəxrdir. Sözün bütün mənalarında Xalq artisti Həsənağa Turabov yaxşı kişi, yaxşı adam, yaxşı aktyor olmağı bacardı və bunu sübut etdi. Həm özü, həm də obrazları ilə…