Azərbaycan-İsrail əməkdaşlığını pozmaq: Erməni lobbisi yeni kampaniyaya başladı

0
214

II Qarabağ müharibəsindən sonra Azərbaycan əleyhinə müxtəlif ABŞ KİV-lərində silsilə yazılarla çıxış edən Maykl Rubin haqda ötən yazılarda məlumat vermişdik. Rubin uzun müddət Qərb mətbuatında Türkiyə və Azərbaycanı mədh edib, amma xeyli müddətdir ki, səngəri dəyişərək erməni lobbisinin sifarişi ilə əleyhimizə qaralama kampaniyası aparır.

Məsələn o, 2022-ci il martında “The American Enterprise Institut”e düşüncə mərkəzinin saytında (aei.org) dərc olunmuş silsilə yazısında Azərbaycanın uzun illər Qərbdə Rusiya neft-qaz layihələrinə alternativ, İrana qarşı Qərbin qalası kimi təbliğ olunduğu, reallıqda isə İranla həmişə yüksək ticari əlaqələr saxladığı və ona maliyyə yardımı etdiyi, Ukrayna hadisələri zamanı da Kremlin düşərgəsində olduğu, gələcəkdə Qərbin sanksiyalarından yayınmaq üçün Rusiyaya kömək edəcəyi haqda iddialara yer verirdi.

Həmin ilin aprelində isə M.Rubin “The National İnterest” nəşrində ABŞ Dövlət Departamentini hədəfə alaraq Azərbaycana hərbi yardım göstərilməsi təşəbbüsünü 907-cü düzəlişin pozulması, qanunvericiliyə zidd addım kimi qiymətləndirirdi.

Bu ilin iyulunda “The Washington Examiner’” nəşrində o, “Dövlət katibi Entoni Blinkenin eqosu ermənilərin həyatı bahasına başa gələcək” adlı məqalədə qeyd edirdi ki, Blinken Nobel Sülh Mükafatı almaq fikrindədir. Ona görə də ermənilərin problemlərinə göz yumur. Sözünün canı o idi ki, “demokratiyanın müdafiəsi naminə” ABŞ Türkiyə və Azərbaycana təzyiq göstərməlidir. Qarabağ ermənilərinə isə dəstək vermək gərəkdir. Həmin yazını sonra Qarabağdan müşahidə etdiyimiz kütləvi gedişin və bu gediş bəhanə edilərək Azərbaycanı etnik təmizləmədə ittiham olunmasının müjdəçisi də saymaq olar. Görünür, erməni lobbisi bu ittihamlar üçün əvvəlcədən təbliğati zəmin hazırlamaqda maraqlı olub.

Rubin erməni lobbisinin II böyük hədəfi – İsrail-Azərbaycan əlaqələrinin pozulması üçün də yorulmadan çalışır. “The JNS Daily Syndicate” dərc etdirdiyi məqaləsində yazırdı ki, yəhudi dövləti həm Azərbaycanın, həm də Ermənistanın dostu olmalıdır. Yazı Yoav Qallanın bu il iyulun 13-də başa çatmış Bakı səfərinə həsr olunmuşdu. Sonra Rubin yuxarıda xatırlatdığımız yazılarının tezislərini təkrarlayırdı- Azərbaycan sanksiyalardan yayınmaq və çirkli pulların yuyulması üçün Rusiyaya kömək edir, demokratik deyil, qərbyönlü deyil və s. Bundan sonra o, Azərbaycanın yəhudilərə dost, Ermənistanın isə antisemit olduğunu inkar etməyə çalışırdı: “Azərbaycanlılar çox vaxt özlərinin böyük yəhudi icmasına işarə edirlər. Amma İranda olduğu kimi mühacirətə məhəl qoymayan on illik rəqəmlərdən istifadə edirlər”.

Rubinin fikrincə, İsrail nə Azərbaycanla, nə də Ermənistanla münasibətlərdən əl çəkməməlidir, lakin Azərbaycanı qeyd-şərtsiz qəbul etmək mənəvi, geosiyasi və strateji baxımından daha baha başa gəlir. Onun yazıları dərhal İran nəşrlərində də təkrar tirajlanır, anti-Azərbaycan təbliğatda istifadə olunur.

İsraillə HƏMAS arasında toqquşmalar Rubinin iddialarının yeni səviyyəyə qalxmasına səbəb olub. Bu dəfə o, ölkəmizin birbaşa İsrail düşməni kimi görünməsini istəyir. Rubin “1945” adlı internet saytında mövzu ilə bağlı məqalə yazıb və Azərbaycan-HƏMAS münasibətlərinə diqqət çəkib: “HƏMAS-ın 1400-dən çox yəhudini qətlə yetirdiyi hücumdan sonra ölkələr öz tərəflərini seçdilər. ABŞ və Avropanın böyük hissəsi terrora qarşı durdu. Lakin İran, Livan, Rusiya, Türkiyə və Harvard Universitetindəki tələbə qrupları HƏMAS-a qarşı çıxmayıb. Əsl sürprizlərdən biri də Azərbaycan oldu. İsrail onilliklərdir ki, Bakı ordusuna sərmayə qoyur. İsrail rəsmiləri və bir çox amerikalı yəhudi Azərbaycanla tərəfdaşlığın strateji müdriklik olmasını vurğulayaraq, Bakının dünyəviliyə qəti sadiq qaldığını və İranın regiondakı maraqlarına qarşı dayaq olduğunu iddia edirlər. Amma 20 il əvvəl Türkiyədə olduğu kimi, bəlkə də çox optimist idilər”.

Bakının İsrail-Fələstin müharibəsindən sonra HƏMAS-a yaxın olduğunu deyən Rubin buna sübut kimi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatındakı çıxışını göstərir. Bayramov burada “Azərbaycan İslam həmrəyliyinə sadiq” olduğunu vurğulayıb, İsrailin 1949-cu il atəşkəs xətlərinə çəkilməsini və Qüdsün yenidən bölünməsinin vacibliyinə toxunub.

Rubin 2-ci Qarabağ müharibəsindən sonra HƏMAS-ın da Azərbaycanın qələbəsini qeyd etdiyini xatırladır. Bundan sonra azərbaycanofob mövqe tutmasının, yuxarıda qeyd etdiyimiz kimi qəfil səngər dəyişməsinin səbəblərini açıqlayır: “10 il əvvəl bir azərbaycanlı diplomat məndən üzr istədi ki, Azərbaycan səfirliyi daha məni illik Hanukka qəbuluna və ya səfirliyin digər görüşlərinə dəvət etməyəcək. Mən Türkiyənin avtokratik idarəçiliyini tənqid etdiyim üçün Türkiyə hökumətinin “qara siyahı”ya salınmasını tələb etdiyi yəhudi amerikalılar siyahısında idim. Qəbullara o qədər də əhəmiyyət vermədim, amma bu, Azərbaycanın xarici siyasətinin Türkiyənin diktəsinə tabe olduğunu göstərdiyi üçün göz açan oldu. Bu gün Vaşinqtonda və Nyu-Yorkda Azərbaycan rejiminə qarşı susanlar görməlidirlər ki, Əliyev Ərdoğanın açdığı yolla gedir. Üstəlik, Azərbaycan HƏMAS-a yaxınlaşdıqca, İsrailin verməli olduğu ən mühüm sual; Onların Bakıya verdiyi silahların Azərbaycan rejiminin İslam həmrəyliyinə dəstəyi ilə birlikdə İsrailin özünə qarşı, bəlkə də Fələstin qrupları vasitəsilə istifadə edilib-edilməyəcəyidir”.

Yunan və Türkiyənin avrasiyaçı KİV-lərinin də tirajladığı məqaləsində o iddia edir ki, ABŞ-İsrail cütlüyü uzun illər sıx hərbi və iqtisadi əməkdaşlıq etdiyi Azərbaycanın HƏMAS-a silahlarla bağlı məlumat verməsindən narahatdır.

Göründüyü kimi, HƏMAS-İsrail savaşını bəhanə edən anti-Azərbaycan dairələr Bakı-Təl-Əviv əlaqələrini korlamaq, Azərbaycanla müttəfiqləri arasında münasibətləri gərginləşdirmək üçün maksimum çalışırlar. İranın nəinki KİV-ləri, ali rəsmi şəxsləri belə o dairələrin yanındadır. Təəssüf doğuran Türkiyənin müəyyən çevrələrinin və bizdəki bəzi dini təəssübkeş ictimai-siyasi fəalların bu cərgədə yer alması, Azərbaycan-İsrail münasibətlərini zədələmək üçün yersiz canfəşanlıqlarıdır.