Azərbaycan, İran və Gürcüstan bu həftə yeni dəhlizə start verir

0
289

Bu həftə İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropa arasında yeni dəhliz işə düşəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bu dəhliz Şimal-Cənub dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars körfəzi və Hindistan) sınaq istismara verilməsindən sonra Pakistan, İran və Türkiyə arasında aktivləşdiriləcək.

İran, Azərbaycan və Gürcüstandan keçməklə Fars körfəzi – Qara dəniz marşrutunun açılması gündəmdədir. Bu marşrut çərçivəsində dekabrın 22-dən etibarən üç ölkədən 144 yük maşını İranın Şərqi Azərbaycan vilayətində Təbrizdən yük daşımağa başlayacaq.

İranın Beynəlxalq Tranzit və Nəqliyyat İdarəsinin (RMTP) baş direktoru Cavad Hidayəti bundan əvvəl İran, Azərbaycan və Gürcüstan arasında Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutunun işə salınması üçün üçtərəfli razılaşma əldə olunduğunu bildirib. Müqaviləyə əsasən, yaxın aylarda yüklər Astarada sərhəddən keçməklə İrandan Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya Şərqi Avropanın digər ölkələrinə daşınacaq.