Azərbaycan İngiltərənin iddiasını təsdiqlədi – Xəzər dənizi yox ola bilər

0
39

Lids Universitetinin britaniyalı alimlərinin araşdırmalarına görə, qlobal istiləşmənin ən əlverişli ssenarisi (+2°C) şəraitində belə, cari əsrin sonunda Xəzər dənizinin səviyyəsi 5-10 metr aşağı düşə bilər. Hətta alimlər iddia ediblər ki, ən pessimist proqnoz doğru olarsa, eniş 21 metr olacaq. Bakı və Aktau kimi iri liman şəhərləri yeni sahil zolağından onlarla kilometr aralıda yerləşə bilər ki, bu da regionda neft hasilatı üçün zəruri olan bütün logistik infrastrukturun köklü şəkildə yenidən qurulmasını tələb edəcək.

Bəs bunun qarşısını almaq üçün hansı önləyici addımlar atılmalıdır?

Məsələ ilə bağlı Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov açıqlama verdi.

O bildirdi ki, 21-ci əsrin sonuna qədər havanın temperaturu bir çox ssenarilərə görə, 2-5 dərəcə qalxa bilər:

“Temperaturun neçə dərəcə artması havada karbon qazının miqdarından asılı olaraq dəyişir. Hazırda isə müxtəlif temperatur ssenariləri əsasında CMIP6 modeli hazırlanır. Burada da bəzi alimlər Xəzər dənizinin səviyyəsinin 9-18 metr, bəziləri isə 21 metrə qədər enəcəyini bildirirlər.

Bu isə temperaturun nə qədər artması, Xəzər dənizinin səthi və hövzəsindən buxarlanmanın kəskin artmasından asılıdır. Əgər həqiqətən də cari vəziyyət davam edərsə, bu ssenarilərin əsasında qurulmuş proqnozlar özünü doğrulda bilər. Məsələn, temperaturun artması buxarlanmaya o qədər təsir edəcək ki, yağıntıların miqdarının artması belə istiləşmə ssenarisinin qarşısını ala bilməyəcək. Lakin bunun hansı müddət ərzində baş verə biləcəyinin zəmanətini vermək çətindir”.

Ekoloq qlobal istiləşməni ABŞ administrasiyasının yürütdüyü istisadi planlarla da əlaqələndirib:

“ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə dünya iqtisadiyyatında böyük təlatümlar baş verir. Əlbəttə, bu təlatümlər birbaşa Xəzərin səviyyəsi ilə əlaqəli deyil. Lakin gedişatın necə olacağını bilmədiyimiz üçün dəqiq fikir söyləmək çətindir. Məsələn, siyasi aspektdən nəzər salsaq, ABŞ administrasiyasının yürütdüyü siyasət digər ölkələrlə müharibəyə apararsa, o zaman atmosferə böyük miqdarda zərər yetirən hadisələr baş verə bilər.

Həmçinin atmosferə atılan karbon qazının da buna təsiri var. Beləliklə, həm təbii, həm də siyasi faktorlar nəzərə alınaraq dəniz səviyyəsinin enməsi iddialarının gerçəkləşməsi mümkündür.

Lakin bəzi nüanslar da var ki, bu, baş verəndə temperatur normallaşa bilər. Məsələn, COVİD dövrü buna misaldır. Həmin dövrdə zavodlar və s. fəaliyyətini dayandırdığı üçün atmosfer xeyli düzəlmişdi.

Bundan başqa, Xəzər dənizinin qlobal istiləşmədən asılı olmayaraq hər 50-60 ildən bir səviyyəsini dəyişmə primitivliyi də mövcuddur. Müəyyən dövrlərdə bu səviyyə qalxıb, enə bilər”.

S.Səfərov qeyd etdi ki, CMIP6 modelinin çatışmayan cəhətlərindən biri də heç bir iqtisadi təlatümlərin və Xəzər dənizinin təbii səviyyə dəyişkənliyinin nəzərə alınmamasıdır.

“Növbəti dəfə hazırlanacaq CMIP7 modelində bütün bu aspektlərin nəzərə alınacağı söylənilir. Burada həm təbii dəyişiklər, həm də dünyada baş verən siyasi, iqtisadi proseslər nəzərə alınacaq. Düzdür, hazırkı qlobal istiləşməni nəzərə alsaq deyə bilərik ki, dəniz səviyyəsi 1995-ci ildəki səviyyəyə heç vaxt çatmayacaq. Hazırda atmosferdə olan parnik qazları da qlobal istiləşməyə səbəb olur. Alimlər də sırf bu səbəbdən 21 metr səviyyə enməsi iddialarını səsləndirirlər. Lakin fikrimcə, səviyyə ensə belə bu, 21 metr yox, bu rəqəmdən bir neçə dəfə az olacaq.

Bütün bunları nəzərə alaraq demək olar ki, yaxın illər ərzində yox, önümüzdəki bir əsr ərzində Xəzərin qismən də olsa, Aral gölünün taleyini yaşayacağını demək olar. Hətta hazırda istirahət üçün üz tutduğumuz bulvar ərazisindən dənizə getmək üçün nəqliyyat vasitələrindən istifadə etmək lazım gələ bilər”.