Azərbaycan həqiqətləri 40 ölkənin Vəkillər Kollegiyalarına çatdırıldı – FOTO

0
478

Azərbaycan həqiqətləri 40 ölkənin Vəkillər Kollegiyalarına çatdırılıb.

Vəkillər Kollegiyasından verilən məlumata görə, “LAWASIA” Şurasının illik iclasında çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov yüksək beynəlxalq nüfuza malik “LAWASIA” təşkilatının iclasına dəvət olunduqları üçün təşkilatın prezidentinə təşəkkürünü çatdırıb, təmsil etdiyi qurumun beynəlxalq əlaqələrə çox böyük əhəmiyyət verdiyini, bir çox nüfuzlu təşkilatlarının üzvü olduğunu, eləcə də, Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi baxımından “LAWASIA”ya üzv olmağının önəmli olacağını bildirib.

Kollegiyanın sədri tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti, son günlərdə cəbhə bölgəsində baş verən münaqişə, o cümlədən, erməni terrorçuları tərəfindən Azərbaycanın mülki əhalisinin sıx yaşadığı yerlərin atəşə tutulması və bunun nəticəsində mülki şəxslərin həlak olması və yaralanması barədə məlumat verib, Ermənistan tərəfindən 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarının və digər beynəlxalq humanitar hüquq normalarının kobudcasına pozulduğunu bildirib, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Ermənistanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi terror siyasətinin “LAWASIA” üzvləri tərəfindən də qınanılmasının arzu olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra Anar Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyası və son bir neçə il ərzində vəkillik fəaliyyətinin inkişafı üçün görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb, təmsil etdiyi qurumun regionda və ondan kənarda vəkillər, iş adamları və hökumətlər arasında böyük nüfuza malik, hüquq peşəsinin maraqları müdafiə edən “LAWASIA”ya üzv olmaqdan çox məmnun olacağını bildirib.

İclasda təşkilata üzvlük məsələsi müzakirə edilmiş və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “LAWASIA”ya üzv olaraq qəbul edilməsi qərara alınıb.

Bundan başqa, iclasda regionda hüquq peşəsini və vəkillik fəaliyyəti maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

Qeyd edək ki, “LAWASIA” təşkilatı Amerika, Avropa, Asiya, Afrika, Avstraliya qitələrini əhatə edən, hüquq peşəsinin maraqları və problemləri ilə bağlı fəaliyyət göstərən, hakim, vəkil və hüquq təşkilatlarının üzv olduğu assosiasiyadır. Təşkilatın tərkibinə 40-dan artıq yurisdiksiyanı təmsil edən şəxslər və hüquq birlikləri daxildir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası isə, MDB və Şərqi Avropa regionunda “LAWASIA” ya üzv olan ilk Vəkillər Kollegiyasıdır.