Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada birgə bəyanat imzalayıblar.
Bəyanat dörd bənddən ibarətdir.
Bəyanatda ilkin olaraq qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması baxımından 9 Noyabr 2020-ci il tarixli Bəyannamənin 9-cu bəndinə əsasən, Rusiya Federasiyasının Prezidenti V.Putinin Azərbaycan və Ermənistan Respublikası Baş nazir müavinlərinin və Rusiya Federasiyasının Hökumətinin sədr müavinin birgə sədrliyi altında üçtərəfli İşçi Qrupunun yaradılması barədə təklifi dəstəklənir.
Bəyanatın ikinci bəndinə əsasən, işçi qrup prioritet olaraq Azərbaycan, Rusiya və Ermənistan arasında dəmir yolu və avtomobil rabitəsini qurmaq, həmçinin ölkələr arasında digər sahələr üzrə əlaqələrin bərpası istiqamətində fəaliyyət göstərəcək.
Bəyanatın növbəti bəndində qeyd olunur ki, yaxın gələcəkdə hökumətlərin baş nazir müavinləri işçi qruplar yaradacaq, onlar isə öz növbəsində nəqliyyat infrastrukturunun və bölgə iqtisadiyyatının inkişafı üçün konkret planlar təqdim edəcəklər.
Bəyanatın sonuncu bəndinə əsasən, İşçi Qrup, 2021-ci il martın 1-dək, Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən keçən beynəlxalq daşımaların təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikintisi ilə bağlı tədbirlərin siyahısını və cədvəlini təqdim edəcəklər.