Ermənistan Azərbaycanla sülh sazişini Türkiyədə imzalaya bilər.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə mediasına müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynaya bilər.
“Türkiyənin Ermənistanla münasibətlərin normallaşmasında mövqeyi prosesin müsbət məcrada davam etdiyi yönündədir. Lakin Ankara hesab edir ki, Ermənistan və Azərbaycan arasında münasibətlər nizamlanmayana qədər prosesi başa çatdırmaq olmaz. Bizim mövqeyimiz belədir ki, əgər biz prosesə qarşı tərəfdən başlasaq, yəni Ermənistan-Türkiyə münasibətlərini tam tənzimləsək, bu, Ermənistan-Azərbaycan nizamlanmasına da müsbət təsir göstərəcək”, – o deyib.
Mirzoyan bildirib ki, Türkiyə Bakı-İrəvan münasibətlərinin nizamlanmasında müsbət rol oynayır. O, sülh sazişinin Türkiyədə imzalana biləcəyini istisna etməyib.
O əlavə edib ki, məkan o qədər də əhəmiyyətli deyil: “Bir neçə paytaxt ev sahibliyi etmək üçün təklif verib. Türkiyədən isə belə bir təklif almamışıq, lakin heç bir variantı istisna etmirəm”.