2024-cü ildə Azərbaycan və Ermənistan arasında bir neçə mühüm görüş keçirilib. Əsasən, Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərdə sülh danışıqları davam etdirilib. Əldə edilən əsas uğurlara isə ikitərəfli görüşlər nəticəsində nail olunub. Avqustun 30-da Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Respublikalar dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatına görə, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanan səkkizinci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Ümumiyyətlə, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyələrdə bir neçə görüş keçirilib. Əsas diqqət sülh müqaviləsinin razılaşdırılmasına yönəlib. Lakin bölgədə baş verən gərginliklər, xüsusən də Ermənistanın təxribatları fonunda İrəvana inamsızlıq atmosferi prosesin irəliləməsinə mane olub.
31 yanvar 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə Dövlət Komissiyasının altıncı görüşü keçirilib. Bu görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan başçılıq ediblər. Həmçinin, aprelin 19-da tərəflər sərhədin delimitasiyası və Əsasnamə layihəsi ilə bağlı müzakirələri davam etdirib, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq delimitasiya prosesinin gedişatını razılaşdırıblar. Bu görüşlər, həmçinin, qarşılıqlı ərazi bütövlüyünü tanıma, təhlükəsizlik tədbirlərini gücləndirmə və sərhədin digər məsələləri ilə bağlı protokolların müzakirəsinə yönəldilib.
2024-cü ilin mayında Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı növbəti görüş keçirilib. Bu görüşdə 12,7 km-lik yeni sərhəd xətti müəyyən edilib və Azərbaycanın Qazax rayonunun dörd kəndi üzrə məsələlər razılaşdırılıb. Həmçinin, may ayında tərəflər sərhədin digər hissələrinə dair müzakirələrə davam edərək anklav və eksklav məsələlərinin də həlli istiqamətində irəliləyiş əldə etməyə çalışıblar. Bu danışıqlar, həmçinin, gələcəkdə sərhədin tam delimitasiyasını həyata keçirmək və iki ölkə arasındakı gərginliyi azaltmaq məqsədi güdür. Tərəflər, həmçinin, qarşılıqlı etimadın artırılması üçün mütəmadi texniki səviyyəli görüşlərin keçirilməsini razılaşdırıblar.
2024-cü ilin 17 fevralında Münhendə Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb. Paşinyanın daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi isə gülüş doğurub.
Martın 7-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib. Görüşdə tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq, Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılan hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin, razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilən hesab olunsun.
Paralel olaraq, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq, Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin, həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Görüşün nəticəsində protokol imzalanıb.
Mayın 3-də isə təxminən 12,7 km-lik sərhəd xətti müəyyən edilib və Qazax rayonunun dörd kəndi üzrə məsələlər razılaşdırılıb. Bu addımlar sərhəd delimitasiyasının növbəti mərhələlərinə hazırlıq kimi qiymətləndirlib. Bu görüşlərdə əsas diqqət sərhədin düzgün müəyyənləşdirilməsi, təhlükəsizliyin artırılması və sərhədin digər hissələrinin delimitasiyası məsələlərinə yönəlib.
Mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
2024-cü il 10 iyulda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib.
Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Ümumiyyətlə, bu istiqamətdə Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
2024-cü ildə Azərbaycanla Ermənistan arasında münasibətlərdə ən böyük irəliləyişin 24 may 2024-cü ildə Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin rəsmən Azərbaycana geri qaytarılması olduğunu desək, yanılmarıq. Bu iş Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunan razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun dörd kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Artıq sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır.
2024-cü il noyabrın 1-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib. Komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanan Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə ediblər. Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, tərəflər sözügedən Əsasnamənin 2024-cü il noyabrın 1-də qüvvəyə mindiyini vurğulayıblar.
Bütün bunlara rəğmən, 2024-cü il Ermənistanın təxribatları ilə də yadda qalıb. Fevralın 12-də bu ölkənin silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bir gün öncə törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Aprelin 7-də düşmən növbəti təxribata əl atıb. Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərimizi atıcı silahlardan atəşə tutub. Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
17 apreldə Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb və zərərsizləşdirilərək müsadirə edilib.
Bu təxribatlar sırasına 5 apreldə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ilə görüşünü əlavə etmək olar. Çünki bu görüşdə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı öz təsdiqini tapdı.
Digər tərəfdən, Fransanın ön plana çıxması ilə Avropa İttifaqı Ermənistanın təxribatarının əsas iştirakçısı kimi çıxış edib. Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalanması Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutu kimi yadda qaldı.
Oktyabr ayının əvvəlindən isə Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb. Oktyabrın 29-da daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin-And kəndi yaxınlığına gətirilib. Həmin vaxta qədər “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdikləri halda, həmin gün Azərbaycanla Ermənistan arasında şərti sərhədə gələn üç avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Son olaraq isə Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda noyabrın 26-da İrəvanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında Polşanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib.
Bu təxribatlara Avropa İttifaqı Şurasının Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərarını da əlavə etmək olar. Yardım Avropa Sülh Fondu çərçivəsində həyata keçirilib. Məqsəd Ermənistan silahlı qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Bir sözlə, 2024-cü ildə Azərbaycan-Ermənistan münasibətlərində müsbət irəliləyişlər əldə olunsa da, təxribatlar və İrəvanın havadarlarının müdaxilələri fonunda əsas gözlənti – yekun sülh müqaviləsi imzalanmadı. Ermənistan hərbi-siyasi rəhbərliyi ölkənin və xalqın gələcəyini düşünürsə, Azərbaycanın tələblərini yerinə yetirməli, konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən maddələri çıxarmalıdır. Yalnız bu halda iki ölkə arasında sülh sazişi imzalana bilər ki, bununla da Cənubi Qafqazda da davamlı sülh və sabitlik mühiti formalaşar.