Ağır atletika üzrə Azərbaycan çempionu, bir sıra beynəlxalq yarışların qalibi Ümidvar Bayramlı həbs edilib.
Barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış idmançıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Dostunu bıçaqlamaqda təqsirli bilinən 2001-ci il təvəllüdlü idmançıya beş il müddətinə həbs cəzası verilib.
Bildirilib ki, Ü.Bayramlı 27 sentyabr 2023-cü il tarixində Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb. Belə ki, Ümidvar Bayramlının zərərçəkmişə satdığı mobil telefon nasaz çıxdığı üçün aralarında mübahisə yaranıb. Bu zaman Ü.Bayramlı tanışını qarın nahiyəsindən bıçaqlayıb. Düz və çənbər bağırsaqları kəsilən Mirzə xəstəxanaya çatdırılıb.
O da məlum olub ki, gənc idmançı 2022-ci ildə oğurluq əməlinə görə də məhkum edilibmiş və bıçaqlanma hadisəsini törədərkən həmin cəzasını çəkib başa vurmayıbmış.
Məhkəmədə Ü.Bayramlı bildirib ki, Mirzəni görüşə yaranmış mübahisə ilə əlaqədar çağırıb və onu söyüşə görə bıçaqlayıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı ağır atletika üzrə Azərbaycan çempiondur. O, həmçinin İsveçdə keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.