Azərbaycan çempionatında biabırçılıq: Qonaq komanda oyuna gəlmədi

0
1038

Bu gün futbol üzrə Azərbaycan 1-ci liqasında “İmişli” – “İrəvan” matçı baş tutmayıb.

Oyun “İrəvan”ın, saat 15:00-a təyin olunan matça gəlməməsinə görə baş tutmayıb.

Çempionatın təşkilatçısı Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev saytımıza açıqlasında qarşılaşma ilə bağlı yekun qərarın AFFA İntizam Komitəsi tərəfindən veriləcəyini bildirib:

“Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən yarışlarda həmin Liqaların Əsasnaməsinin tələbləri qüvvədə olur və bütün klublar bu Əsasnaməni izləməli və mövsümdən öncə tətbiq olunmuş Oyun günü planına uyğun hərəkət etməlidirlər.

Oyun günü planı AFFA nümayəndəsi, hakimlər, komandalar, oyunla birbaşa və dolayı yolla əlaqəsi olan bütün şəxslər tərəfindən izlənməlidir. Bu gün keçirilməsi nəzərdə tutulan “İmişli” – “İrəvan” oyunu üçün də bütün prosedur qaydalar həyata keçirilib.

Əgər bir komanda təyin olunan vaxtdan 30 dəqiqə sonrakı müddətdə stadiona gəlməzsə, oyun baş tutmamış hesab olunur, protokolda bununla bağlı bütün məqamlar qeyd olunur və İntizam Komitəsi rəsmi sənədlər əsasında hadisəni araşdırıb, hüquqi qiymət verir”.

Qeyd edək ki, “İrəvan” klubu futbolçuların məvaciblərini ödəmədiyi üçün oyunçulardan bəziləri bu görüşə yollanmayıb.