“Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzündən irəli gələn beynəlxalq hüquqlarının pozulmasına görə beynəlxalq məhkəmələrdə iddialar qaldırıb”.
Bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Nazir müavini bildirib ki, bu faktlar bir neçə beynəlxalq konvensiyaların əhatə dairəsinə aiddir: “Hər bir məhkəmə konkret bir konvensiya çərçivəsində şikayətlərə dair qərar vermə səlahiyyətinə malikdir. Buna görə də Azərbaycan bir neçə beynəlxalq məhkəmələrdə Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalardan irəli gələn şikayətlər qaldırıb”.
O qeyd edib ki, Azərbaycanın ilk müraciət etdiyi məhkəmə Avropa İnsan Haqları Məhkəməsi olub: “Bu şikayət həm Azərbaycan, həm də Ermənistanın tərəf olduğu 1950-ci il Avropa konvensiyası əsasında irəli sürülüb. Şikayətdə Birinci Qarabağ müharibəsi, işğal dövrü, Vətən müharibəsində Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti əksini tapıb. Biz siyasi cəbhədə təcavüzü həyata keçirən və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkmişik. Bununla bağlı bu ilin fevral ayında şikayət etmişik. Bu şikayətimizə Avropa Məhkəməsində qarşıdakı illərdə baxılacaq”.