AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri süni intellektin əsas elementlərindən biri olan nitqin tanınması (insan nitqinin mətnə çevrilməsi və emalı) sistemlərinin yaradılması sahəsində aparılan tədqiqat işləri nəticəsində rəqabətədavamlı, tətbiqi sistemlərin yaradılmasına nail olublar.
Akademiyadan verilən məlumata görə, tədqiqat işləri və nəticələrin kommersialaşdırılması institutda özəl şirkətin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Rəhbəri dosent Əbülfət Fətullayev, elmi konsultantı isə İSİ-nin baş direktoru, akademik Əli Abbasov olan bu tədqiqat işi nəticələrinə əsasən bir sıra avropa dilləri (alman, ingilis, ispan, italyan, fransız) və Azərbaycan dili üçün maşın öyrənməsi və dərin öyrənmə (Machine Learning, Deep learning) metodları vasitəsilə nitqin tanınması sistemlərinin (NTS) neyron şəbəkə modelləri və alqoritmləri işlənib hazırlanıb.
Sistemin ingilis, alman, türk və Azərbaycan dilləri variantları yaradılıb və internet üzərindən onlayn istifadəyə verilib.
Geniş istifadə olunan Distant Təhsil sistemində NTS tətbiq edərək tələbələrin şəxsiyyətinin təsdiq edilməsi, xüsusən imtahan zamanı onların autentifikasiyasına şərait yarada bilər. Bu texnologiyalardan istifadə etməklə əlillərin ehtiyaclarını ödəyən xüsusi servislər yaradaraq onların təhsil almasına, zəruri informasiya və peşəkar biliklər əldə etmələrinə, nəticədə sosial və əmək fəaliyyəti ilə aktiv məşğul olmalarına nail olmaq mümkündür.
Qeyd etmək lazımdır ki, informasiya texnologiyalarının yaxın illərdə inkişaf proqnozlarına görə nitqin tanınması texnologiyası və onun müxtəlif tətbiqləri üzrə (nitqin analizi, media monitorinq, virtual asistant, diktorun identifikasiyası və s.) dünya bazarının illik həcmi 25 milyard dollar həcmində qiymətləndirilir.