“Asiya nəhəngi” Çin qorxunc virusun əlində əsir-yesir qalıb, ölənlərin sayı 3 rəqəmlidir; Şərqdən Qərbə qədər əksər ölkələr Pekinlə əlaqəni kəsir; bu, Amerikanın bioloji hücumudur?..
Dünyanın nəzəri əhalisi 1,4 milyard olan Çində tüğyan edən koronovirusun fəsadlarına yönəlib. Planetin iqtisadiyyatında ikinci ölkə sayılan Çin bir virusun əlində əsir-yesir qalıb; ölənlərin sayı durmadan artır, ölkənin gəlirlərinə ciddi şəkildə ziyan dəyməkdədir, dövlətlər bu ölkə ilə əlaqələri müvəqqəti dayandırmağa başlayıb, ABŞ-ın illərdir çökdürmək hədəfində olan bu “Asiya nəhəngi” indi virusun çəngindədir.
Koronovirusun episentri olan Vuhan şəhəri sanki Alber Kamyunun “Taun” romanındakı Əlcəzairin Oran əyalətini xatırladır: şəhər mühasirədə, insanlar ümidsiz olsa da, canı ilə əlləşir, epidemiya isə sürətlə yayılır…
2020-ci ilin yanvarında koronovirusun Çində alovlanması və Tailand, Cənubi Koreya, Yaponiya, o cümlədən digər bir sıra ölkələrə yayılması davam etməkdədir. Virusun sürətlə yayılması, Rusiya və Türkiyəyə qədər gəlib çatması, şübhəsiz, Azərbaycanı da narahat etməyə bilməzdi.
Odur ki, yanvarın 28-də xəbər lentlərini “zəbt edən” koronovirusla bağlı məlumatların içərisində ana xətt səhiyyə naziri Oqtay Şirəliyevin “Yeni 2019-nCoV koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalaması oldu.
Nazirlikdən verilən məlumata görə, tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi 8 palata ayrılıb. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmoniyadan müalicə alan xəstə yatır. Həmçinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin “İnfeksion xəstəliklərə nəzarət üzrə işçi qrupu”nun Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri ilə birgə iclası keçirilib. Hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan yerli və əcnəbi vətəndaşların infeksiya barədə maarifləndirilməsi, sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan şəxslərin termal kameradan keçmələrinin təmin edilməsi, Çindən təyyarə ilə gələn sərnişinlərin isə məsafədən termometriya edilməsi qərara alınıb.
Yeri gəlmişkən, Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın (AZAL) martın 28-i tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər. Bu barədə AZAL-ın mətbuat xidmətindən bildirilib. Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə deyib ki, insanlar özlərini qorumalı, xəstə halda iş yerinə və kütləvi yerlərə getməməli, maskadan istifadə etməlidirlər.
Çinə gəlincə, son xəbərə görə, koronovirusa yoluxanların sayı 4 min 535, ölənlərin sayı isə 106 nəfərə çatıb. Yoluxanların 976 nəfərinin vəziyyəti ağırdır. İndiyədək 60 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 6 min 973 nəfərə çatıb. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 44 min 132 nəfər tibbi nəzarətə götürülüb. Ölüm hallarının 100-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb. Artıq paytaxt Pekin və Çinin maliyyə mərkəzi olan Şanxayda da ölüm halı baş verib.
Çin hakimiyyəti ölümcül koronovirus epidemiyasının episentri olan Vuhan şəhərinə ordu qüvvələri yeridib. Ordu bölmələrinə şəhəri mühasirədə saxlamaq, giriş-çıxışı tam dayandırmaq əmri verilib. Hətta sosial şəbəkələrdə yayılan iddialara görə, ordu şəhəri tərk etməyə çalışanlara atəş açır. Habelə Vuhan şəhəri ətrafındakı meşələr pilotsuz təyyarələrlə izlənir.
Xəbərlərə görə, ölənləri basdırmaq üçün kütləvi məzarlar qazılır, Vuhana və karantin altına alınan digər şəhərlərə gedən yollar beton bloklarla bağlanıb. Eyni zamanda Tyantsin şəhərində koronovirusla əlaqədar hərbi vəziyyət elan edilib. “Qlobal Tayms”ın verdiyi məlumata görə, hərbi vəziyyətlə əlaqədar şəhərdəki bütün xəstəxanalar və tibbi briqadalar hərbi idarənin tabeliyinə verilib. Şəhərdə 15 milyon insan yaşayır.
Bu arada epidemiyadan qorxuya düşən ölkələr bir-birinin ardınca Çinlə gediş-gəlişi, aviareysləri məhdudlaşdırır. Artıq Rusiya Çin vətəndaşlarının ölkəyə girişini dayandırdığını elan edib. Turoperatorlar Çindən turistlərin cəlb edilməsini dayandırıb, çinlilərin Rusiyaya qrup halında bütün səfərlərinə qadağa qoyulub. Habelə Birləşmiş Ştatlar Çindən öz vətəndaşlarının evakuasiyası üçün tədbirlər görür.
Türkiyənin Kappadokiya bölgəsində səfərdə olan 10 çinli turist və 2 Türkiyə vətəndaşı koronovirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Aksaray valisi Əli Mantı mətbuat konfransında bildirib.
“Xəstəliyin simptomları turistlərdən birində ortaya çıxıb, həkimlər onunla təmasda olan daha 9 nəfəri, həmçinin bələdçi və avtobus sürücüsünü ehtiyat tədbiri olaraq nəzarətə götürüblər”, – o deyib.
Gürcüstandan da Çinə uçuşlar qadağan olunacaq. Bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze bildirib. Onun sözlərinə görə, Çində olan Gürcüstan vətəndaşlarının təxliyəsi də planlaşdırılıb: “Bu gün vətəndaşların necə təxliyə olunması barədə qərar qəbul olunacaq. Biz aktiv profilaktik tədbirlər görürük, buna görə də risk azdır. Hazırda heç bir təhlükə yoxdur, lakin bu, təhlükənin olmayacağı demək deyil”.
İranın Yəzd vilayətində isə iki əcnəbi vətəndaş xəstəxanaya yatırılıb. Ölkənin səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanaya yatırılıb. Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronovirusuna yoluxmadığı müəyyənləşib.
Vuhan şəhərində təhsil alan və karantinə görə şəhəri tərk etməyə icazə verilməyən 7 azərbaycanlı tələbə ilə bağlı Çin hökuməti ilə danışıqlar aparılır. BBC News Azərbaycancaya müsahibəsində Elmar Ağazadə deyib ki, Çində olan azərbaycanlı tələbələrin bəziləri təşviş içindədir. «Böyük şəhərlərdə ticarət mərkəzləri qapanıb, bəzi universitetlərə, bazarlara, ictimai yerlərə giriş qadağan olunub. Bəzi şəhərlərdə hətta vağzallar da bağlıdır, təkcə hava limanları fəaliyyət göstərir. Amma deyirlər, onlar da bağlana bilər” – o söyləyib.
Elmar Ağazadə deyir ki, o, Bakıya Şanxay-İstanbul-Bakı təyyarə reysi ilə gəlib. Bakı və İstanbul hava limanlarında hərarət kameraları ilə, Şanxayda isə daha dərin yoxlamalardan keçdiklərini söyləyir. Onun sözlərinə görə, Şanxay hava limanında hər kəs termal kameralar olan bölümdən keçir, ən xırda risk daşıyan insan dərhal digər bölümə çağırılır, nəfəs və ya tüpürcək kimi əlavə yoxlanışlardan keçirlər.
Son xəbərdə deyilir ki, Vuhan şəhərində 6 azərbaycanlı qalıb. 2019-cu ildə doktorantura təhsili üçün Çinin Vuhan şəhərinə üz tutan Leyla Quliyeva xəbəri eşidəndə artıq gec olub. Ailəsi ilə birlikdə çıxılmaz vəziyyətə düşüb. L.Quliyeva təhlükəsizliyə görə evdən çölə çıxa bilmədiyini deyir. Oxuduğu universitet və səfirliyimiz Leyla ilə daim əlaqə saxlayır, qayğısına qalır. Leylanın ən böyük narahatlığı 7 yaşlı qızı ilə bağlıdır.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə hesab edir ki, virusun Çində yayılmasının səbəbkarı ABŞ ola bilər. O, iki ehtimal irəli sürüb. Bildirib ki, bunu ABŞ dərman şirkətləri edə bilər. O, həmçinin bunun ABŞ-ın bioloji hücumu olduğunu və aviasiya yolu ilə yayıldığını da mümkün hesab edib. Jirinovski iddia edib ki, bu virusu yaymaqla ABŞ rəhbərliyi Çinin iqtisadiyyatına zərbə vurmağı hədəfləyib.
ABŞ və Böyük Britaniya alimləri isə Çində yayılan koronovirusla bağlı bədbin proqnozlar verir. Alimlər fevralın 4-nə qədər virusa yoluxanların sayının 190 minə çatacağını proqnozlaşdırır. Eyni zamanda onlar əslində virusa yoluxanların yalnız 5%-nin rəsmi statistikaya alındığını iddia edirlər.
Bu virusun heyvandan, hansısa məhsuldan insanlara keçməsi haqda iddialar isə təsdiqlənmir. “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov saytımıza bildirib ki, bu virus insanlara təkcə sıx təmas və heyvani məhsullardan istifadə zamanı yoluxsaydı, Çindən gələn avtomobillər dezinfeksiya edilməzdi: “Hazırda onlarla insanın ölümünə səbəb olan koronovirusun yayıldığı ölkədən ilk növbədə qida məhsullarının gətirilməsi dayandırılsa, daha yaxşı olar. Hesab etmirəm ki, bu virus insanlara ancaq sıx təmas zamanı və heyvani məhsullardan yoluxur. Çünki epidemiya elə bir şeydir ki, insanın xəstə insanla adi təması, mikrobun düşdüyü əşyadan istifadəsi zamanı da yoluxma olur. O demək deyil ki, Çindən gələn hər bir məhsul infeksiya daşıyıcısıdır”.
Öz növbəsində Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronovirusun əlamətləri və qorunma üsullarından danışıb: “Koronovirusun əlamətləri qrip, respirator virus infeksiyalarını xatırladır. Çindən yayılan virus adətən ağciyərləri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər”.
C.İsayev bu virusdan qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görür.
Bəs virusun adı haradan gəlir? “Korona” latınca “tac” mənasını verir. Virusa mikroskopda baxıldıqda onun forması işıq şüası şəklində tacı xatırladır. Konkret bir müalicəsi və peyvəndi olmayan virusa məruz qalmamaq və yoluxma sayını azaltmaq üçün sadə tədbirlər görülməsi tövsiyə edilir:
– Asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu tutun.
– Qızdırması olan və ya öskürən bir insanla yaxın təmasda olmayın.
– Qızdırmanız varsa, öskürürsünüzsə və nəfəs almaqda çətinlik çəkirsinizsə, dərhal xəstəxanaya gedin və səyahətdə olmusunuzsa, bunu da həkimə deyin.
– Çiy və az bişmiş ət və ət məhsullarından uzaq durun.
– Əllərinizi tez-tez spirtlə silin, yaxud da ilıq su və ya sabunla yuyun.