Aydın Xan Əbilov susqunluğunu pozdu: “Bizi təhqir edirlər, montaj qayçısı işə düşür – əvvəllər isə nazirlər…”

0
187

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov susqunluğunu pozub. O, Musavat.com-a televiyadan ayrı düşməsindən danışıb.

Kulturoloq bildirib ki, yaradıcı şəxs olaraq əsasən neomaarifçiliklə məşğul olmağa üstünlük verir:

“Daha çox sosial, mədəni və ekoloji problemlər ətrafında həm qıcıqlandırıcı, həm də maarifləndirici çıxışlar etmək istəyirəm. Çünki biz indiyə qədər sakit templə hər hansı bir məsələni qaldıranda ictimai rezonans və ictimai debatlar görmürdük. Ona görə də bir çox məsələləri daha qıcıqlandırıcı, əks reaksiya verə biləcəyini bilərək elə bir formatda cəmiyyətə ötürürdük ki, hər teleçıxışda diskussiyalar olurdu. Bu baxımdan televiziya kanallarının qızıl dövrü artıq tarixə qovuşub. Uzun müddət xüsusən də özəl kanallarda müstəqillik var idi. Biz bu sərbəstlikdən maksimum istifadə edib bir çox məsələləri qaldıra bilirdik. Bu məsələlərə görə bizi tənqid etsələr də, aşağılasalar da, bəzi hallarda təhqir etsələr də heç nədən çəkinmədən həqiqət bildiklərimizi, problemləri qabarda bilirdik. Amma zaman dəyişir. Artıq sosial şəbəkələr, onlayn televiziyalar, saytlar ənənəvi televiziyanı üstələməyə başlayıb. Əvvəlki verilişlərin çoxu aradan qaldırılır. Verilişlərin əksəriyyətində montaj qayçısı işə düşür. Hazırda insanları daha çox qlobal məsələlər maraqlandırır – ekoloji problemlər, pandemiya və s. Əvvəllər “El içində”, yaxud digər verilişlər var idi ki, biz qismən də olsa, orada fikirlərimizi bölüşə bilirdik. Həmin fikirlərimiz cəmiyyətdə rezonans yaradırdı. Hətta həmin verilişlərdə elə fikirlər səslənib ki, onlara nazirlər səviyyəsində reaksiya verilib. Qaldırdığımız problemlər öz həllini ya bütövlükdə, ya da qismən tapa bilirdi. İndi isə tənqid etdikdə təhqir edilirik”.