Aydın Xan Əbilov: “Prezidentin sərəncamı lazımı səviyyədə yerinə yetirilmir”

0
448
“Biz nə qədər internetimizi zənginləşdirsək, gənclərimiz terrorçulara yox, erotik və pornoqrafik saytlara yox, məhz elektron kitabxanalara maraq göstərib geniş biliyə malik olacaqlar.”
 Anews.az-ın müsahibi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net milli virtual-elektron kitabxananın təsisiçisi yazıçı və kulturoloq Aydın Xan Əbilovdur.
– Sizcə kitablara maraq niyə bu qədər azalıb?

–  Hər dövrün öz texnologiyaları olur. Vaxtı ilə dünyada və Azərbaycanın özündə daş, gil, dəri kitabələr üzərində yazılmış avestalar və ya papiros mətnlər həmçinin ədəbiyyat, elmi yazılar nəsillərdən nəsilə ötürülürdü. Daha sonra bunu kağızda əlyazmalar formasında hazırladılar. Orta əsrlərin sonunda, maarifçilik dövrünün əvvəllərində artıq ilk maşın üsulu ilə kitab nəşri başlandı. Kağız formasında insanlar həm yazılarını ötürürdülər, eyni zamanda mütaliə edirdilər.

Müasir dövrdə  artıq kağız mətn ötürücüləri (bura daxildi kitablar, müxtəlif bülletenlər, qəzetlər, jurnallar, dərgilər və s) tarixə qovuşmaq üzrədir. Ona görə də müasir dövrün televiziya, radio, kino, internet, sosial şəbəkələr, mobil telefon və smartfonlar, elektron kitablar olduğu bir dövrdə klassik kağız kitablara və onlardan istifadə etməyə maraq get-gedə azalır və hesablamara görə yaxın bir neçə ildə bunlar öz yerini eletron daşıyıcılara verəcək. Bəşəriyyətin indiyə qədər yaratmış olduğu bütün mətnli informasiya dünyanın bir çox ölkələrində elektronlaşdırılır. Elektron kitab və ya PDF formatında, müxtəlif elektron formatlarda, həm internet kitabxanalarda eləcə də ənənivi kitabxanalara, bilgisayarlara yerləşdirilir ki, insanlar rahat ondan istifadə edə bilsin. Buna görə də internet resurslarına baxsanız minlərlə elektron kitabxananın yaradıldığını və milyardlarla elektron kitabın PDF və ya word formatda oluğunu görə bilərik.
– Elektron kitabxanalara maraq necədir?
– İndiki dövrdə heç kim  kağız kitablara həvəs göstərmir, nə də oxumağa can atmırlar. Həm də kağız kitablar çox yer tutur . Amma bu elektron versiyada olarsa minlərlə kitab almaq olar. İndi informasiyanın fomatı da dəyişib. Yəni əvvəllər yazı, mətn üstünlük təşkil edirdisə, daha sonra radio, audio mətnlər, görüntülü vizual, indi isə elektron sosial informasiyanın həm qəbulu,həm yayılması dövrünü yaşıyırıq. İnformasiya texnologiyalarının belə sürətlə inkişaf etdiyi zamanda sözsüz ki, insanlar informasiyanı daha çevik və mobil variant sayılan elektron məhsullardan istifadə etməyə maraqlıdır. Biz elektron kitabı oxuya-oxuya orda birbaşa həm də ensklopediya hər hansı bir anlayışı axtara bilirik. Kağız kitab ölü bir vasitəyə çevrilib.
Əvvəllər bədii ədəbiyyata poeziyaya maraq çox idi. Amma indi format dəyişib, hətta mütaliənin fəlsəfəsi də dəyişib. Yeni virtual elektron vərdişlər yaranıb. O vərdişlər imkan verir ki, hər kəs öz sahəsinə aid kitablar oxusun.
Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da kitabların elektronlaşması gedir. Prezidentin elektron kitabxanaların inkişafı ilə bağlı dövlət proqramı var. Amma bu proqramın həyata keçirilməsi çox da ürəkaçan  deyil. Çünki bu proqram lazımı səviyyədə yerinə yetirilməyib və hələ də bizdə boşluqlar var. Biz 2009-cu ilin ikinci yarısından etibarən QHT-lərə dövlət dəstəyi şurası , Prezident yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə kitabxana.net ilk ictimai özəl virtual eketron kitabxana yaratdıq. Artıq 6 milyondan çox insan o kitabxanadan yükləmələr edib . Hardasa 4-5 minə yaxın kitab, yüzlərlə digər mətnlər yerləşdirmişik. Hər gün müxtəlif ölkələrdən ora çoxlu giriş olduğunu görürük.
– Niyə Azərbaycanda kitablar daha çox səsli deyil PDF formatında hazırlanır?
– Azərbaycanda və dünyanın çox yerində kitablar daha çox universal bir  format olan PDF və ya word formatında olur. Çünki  bütün bilgisayar və smartfonlarda  bu pdf variantını rahatca oxuna bilir. Azərbaycanda bir çox milli elektron kitabxana var, hansı ki, Axundov adına kitabxana tərəfindən yaradılıb. Müxtəlif rayonlardakı kitabxana sistemlərinin elektron kitabxanaları var. Amma onlar Axundov adına kitabxananın  ya bizim resursun bazasından  kitabları kopyalayıb istifadə edirlər. Müxtəlif universitetlərin elektron kitabxanaları var. Bir çox təşkilatların da elektron kitabxanası mövcuddur. Ən böyük resurslar Axunodov adına kitabxana, prezident kitabxanası, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən yaradılmış kitabxana.net portalı və milli Elmlər Akademiyasının kitabxanasıdır. Təəssüf ki,  bir çox kitablar  Axundov adına kitabxanadakı kimi açıq deyil. Bu absurd bir şeydir. Dövlət hesabına buraxılmış kitablar qapalı saxlanılır. Bu zaman müəllif hüquqlarının qorunmasını səbəb gətirirlər.  Biz vergi ödəyirik, Axundov adına kitabxana və Milli Elmlər Akademiyasının kitabxanası dövlət büdcəsindən maliyyələşərək saxlanılır. Nə üçün 55 milyonluq dünya azərbaycanlıları Azərbaycan həqiqətlərini, Azərbaycan elmini, Azərbaycan ədəbiyyatını öyrənmək istəyən, tariximizi öyrənmək istəyən əcnəbilərə kitablarımızı qapalı saxlamalıyıq?. Bu zaman elektron kitabla kağız kitabın arasında nə fərq oldu? Belə çıxır ki, dünyanın o başında yaşayan azərbaycanlı Azərbaycanla bağlı hər hansı bir elektron kitabı oxumaqdan ötrü durub Azərbaycana gəlməlidir? Hətta rayonlarda Bakıya gələ bilməyən insanlarımızı başa düşməliyik.
Onu da qeyd edim ki,  latın qrafikalı kitabların nəşri ilə bağlı sərəncamda prezidentin xüsusi bir bəndi var idi ki, bu kitabların həm də elektron variantı, internetdə rahat istifadə üçün yerləşdirilsin. Təəssüflər olsun ki, bu proseslərin heç biri sona qədər yerinə yetirilmir. Və biz çalışırıq ki, özümüz ictimai təşkilat olaraq Yazıçılar birliyi ilə birlikdə dünya azərbaycanlılarının mədəniyyət mərkəzi ilə Azərbaycan Gənclər fondu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dövlət dəstəyi şurasından maliyyə dəstəyi alaraq müxtəlif vaxtlarda yüzlərlə öz istehsalımız olan yeni elektron nəşrləri yerləşdirək.

– Sizcə elektron kitabxanın  inkişafı ilə kim məşğul olmalıdır?

-Biz aiddiyyatı dövlət qurumlarına, Mədəniyyət Nazirliyinə, Yazıçılar Birliyinə, müəyyən məmurlara dəfələrlə müraciət etmişik ki, bizə dəstək olun ki, biz internetin intellektual resurslarindan xüsusi layihələr hazırlayaq. Əslində bu sahəyə aid qurumları məcbur etmək lazımdır ki, məsələn Təhsil Nazirliyi artıq başlayıb dərsliklərin elektron variantını hazırlamağa. Bütün ali məktəblərin və orta məktəblərin elektron kitabxanaları var. Müəlliflə əlaqəli hüquqlar pozulmasın deyə kitabları elektron resurslarda yerləşən müəlliflərə müəyyən qonarar vermək olar. O kitabların hüquqlarını dövlət özü də ala bilər və elektron kitabxanalara verə bilər. İnsanlar mütləq maariflənməlidir, savadsız, oxumuyan millət şərqin inqilabları içində boğulan millətlər sırasına enə bilər. İntelektual millətlər dünyanı dəyişə bilən texnologiyalar hazırlayırlar. O millətlərdə ki, elektron resurslar açıqdır, onların gələcəyi daha çox inkişaf edir. Bir çox ölkələrdə kiminsə kitabı elektron variantda yerləşdirilirsə ona görə pul alırlar. İnternetdə bütün bizim klassik ədəbiyyat, elmi və bədii əsərlərimiz yerləşdirilməlidir. Biz nə qədər internetimizi zənginləşdirsək, gənclərimiz terrorçulara yox, erotik və pornoqrafik saytlara yox,  məhz elektron kitabxanalara maraq göstərib geniş biliyə malik olacaqlar.